“Qobustan” Günəş Elektrik Stansiyası yaxın günlərdə istismara veriləcək (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 7 Sentyabr 2026 11:37 (UTC +04:00)
“Qobustan” Günəş Elektrik Stansiyası yaxın günlərdə istismara veriləcək (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Qobustan” Günəş Elektrik Stansiyasının yaxın günlərdə istismara verilməsi planlaşdırılır.

Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev “Bakı İqlim Həftəsi 2026” çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, stansiya artıq tam hazır vəziyyətdədir və test rejimində elektrik şəbəkəsinə qoşularaq yoxlanılıb.

“Stansiya yaxın günlərdə istismara veriləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də 37 gün ərzində 9 kilometrdən artıq yolu inşa edib başa çatdırıb. Yəni stansiya tam istismara hazır vəziyyətdədir, test rejimində şəbəkəyə qoşulub və yoxlanılıb”, - deyə C. Abdullayev bildirib.

O əlavə edib ki, Biləsuvar Günəş Elektrik Stansiyasının da ilin sonunadək elektrik şəbəkəsinə qoşulmasının başa çatdırılması üçün işlər davam etdirilir.

Agentlik direktoru Xəzərdə külək enerjisi layihələri üçün ayrılmış ərazilərdə ölçmə işlərinin aparıldığını da bildirib.

“Dənizdə üç ayrı hissədən ibarət, ümumilikdə 111,4 kvadratkilometr ərazi ayrılıb. Hər biri ilə bağlı ayrıca kameral işlər aparılır, bəzi hissələrdə isə artıq dənizdə külək ölçmələri gedir. Müəyyən müddət tələb edən məsələlərdir”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda külək potensialının qiymətləndirilməsi üçün ölçmələri həm yerli qurumlar, həm də aidiyyəti tərəfdaşlar həyata keçirir.

“Bizim özümüz də müəyyən ölçmələr aparırıq ki, küləyin gücünün nə qədər olduğunu müəyyən edək. Nəticələrə əsasən ikinci mərhələyə keçəcəyik və investor seçimi başa çatdıqdan sonra bu istiqamətdə irəliləyə biləcəyik”, - o vurğulayıb.

C. Abdullayev işğaldan azad edilmiş Kəlbəcər və Laçın rayonlarında da külək ölçmələrinin aparıldığını deyib.

“Orada da ölçmələr bu yaxınlarda başa çatmalıdır. Kəlbəcərdə də, Laçında da ölçmələrimiz var. İlkin məlumatlara görə, kifayət qədər böyük külək potensialı mövcuddur. Çox uğurlu ərazilərdir”, - deyə o əlavə edib.

C. Abdullayev yekun göstəricilərin ölçmə dövrü tam başa çatdıqdan sonra açıqlanacağını bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti