Bakı. Trend:
Azərbaycanın Qlobal Dəniz Külək Alyansına qoşulması müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera ilə görüşdə COP29-un enerji gündəliyinin COP31-də davam etdirilməsini müzakirə etdik. Bakıda irəli sürdüyümüz enerji saxlancı, şəbəkələr və hidrogen təşəbbüslərinin Antalyada konkret icra mexanizmləri ilə irəlilədilməsi, Azərbaycanın Qlobal Dəniz Külək Alyansına qoşulması, eləcə də dayanıqlı aviasiya yanacaqları və hidrogenlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi apardıq".
Qeyd edək ki, Qlobal Dəniz Külək Enerjisi Alyansı (GOWA) COP27 çərçivəsində Danimarka hökumətinin, Bərpaolunan Enerji üzrə Beynəlxalq Agentliyin (IRENA) və Qlobal Külək Enerjisi Şurasının (GWEC) təşəbbüsü ilə yaradılıb.
GOWA dəniz külək enerjisinin inkişafı qarşısındakı maneələrin aradan qaldırılması və iqlim gündəliyi çərçivəsində okean resurslarının potensialının üzə çıxarılması məqsədilə hökumətləri, sənaye nümayəndələrini və digər əsas iştirakçıları bir araya gətirir.
Alyans dövlətlərin və özəl sektorun dəniz külək enerjisi sahəsində öhdəliklərinin gücləndirilməsinə və 2050-ci ilədək karbon neytrallığına keçidin sürətləndirilməsinə yönəlmiş çoxtərəfli dialoqun və tərəfdaşlıqların inkişafına dəstək verir.
GOWA-nın əsas fəaliyyət istiqamətləri sırasında dəniz külək enerjisi sektorunda əlverişli tənzimləyici şəraitin və səmərəli dəyər yaratma zəncirlərinin formalaşdırılması, qabaqcıl təcrübələrin mübadiləsi, həmçinin müxtəlif regionlardan olan iştirakçılar arasında qarşılıqlı əlaqənin əlaqələndirilməsi yer alır.
GOWA, həmçinin ekspert materiallarına və dialoq platformalarına çıxış imkanı yaradır, qlobal istiləşmənin Selsi üzrə 1,5 dərəcə ilə məhdudlaşdırılması trayektoriyasına uyğun qərarların və birgə tədbirlərin hazırlanmasına kömək edir.
Alyans okean və iqlim arasındakı qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirir. Dəniz külək enerjisinin inkişafı dəniz ekosistemlərindən məsuliyyətli istifadə ilə yanaşı, iqlim məqsədlərinə nail olmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün bir vasitə kimi nəzərdən keçirilir. GOWA dəniz biomüxtəlifliyinin qorunması və sektorun ekoloji cəhətdən dayanıqlı inkişafının sürətləndirilməsi məqsədilə dəniz külək parklarının planlaşdırılması və istismarı zamanı qabaqcıl təcrübələrin tətbiqini dəstəkləyir.
