Bakı. Trend:
Bakı İqlim Həftəsi regional liderliyi qlobal dinamika ilə əlaqələndirərək iqlim keçidinin daha sürətli, ədalətli və daha çox insan üçün faydalı olmasına töhfə verəcək.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil “Bakı İqlim Həftəsi 2026”nın açılış videomüraciətində deyib.
S.Stil Azərbaycanın və iqlim fəaliyyətinin ruhunu yaşatmağa töhfə verən bütün tərəfdaşların səylərini yüksək qiymətləndirib.
“COP29 zamanı Azərbaycan ölkələrin iqlim maliyyələşməsi üzrə mühüm irəliləyiş əldə etməsinə kömək etdi. 2035-ci ilədək hər il 300 milyard dollar həcmində yeni qlobal iqlim maliyyələşməsi hədəfinin müəyyənləşdirilməsi, bütün tərəflərin iqlim maliyyələşməsini 2035-ci ilədək illik ən azı 1,3 trilyon dollara çatdırması çağırışı və bu məqsədə nail olmaq üçün Bakıdan Beləmə yol xəritəsinin hazırlanmasına başlanılması mühüm addımlardır”, - deyə o bildirib.
UNFCCC-nin icraçı katibi qeyd edib ki, maliyyə iqlim fəaliyyətinin əsas hərəkətverici qüvvəsidir.
“Maliyyə planları layihələrə, layihə portfellərini elektrik şəbəkələrinə, dayanıqlı infrastruktura, erkən xəbərdarlıq sistemlərinə, daha təmiz nəqliyyata, daha dayanıqlı ərzaq sistemlərinə və daha təhlükəsiz icmalara çevirir”, - S.Stil vurğulayıb.
O bildirib ki, iqlim dəyişmələrinin təsirləri bütün dünyada insanların həyatını təhdid edir.
“Şimali Afrikada rekord istilərdən Avropada görünməmiş meşə yanğınlarına, Çilidə ölümcül fırtınalara qədər iqlim təsirləri bütün dünyada insanların həyatını təhdid edir. Bu hadisələr insanların həyatını və dolanışıq vasitələrini məhv edir, infrastruktura zərər vurur, iqtisadi fəaliyyətləri pozur və inflyasiyanı artırır”, - deyə o qeyd edib.
S.Stilin sözlərinə görə, bunun cavabı geri çəkilmək deyil, liderlik, əməkdaşlıq və transformasiyadır.
“Qlobal enerji keçidi artıq sürətlənir. Təmiz enerjiyə investisiyalar hazırda ildə 2 trilyon dolları ötür. Bərpa olunan enerji mənbələri elektrik enerjisinin əsas mənbəyi kimi kömürü geridə qoyub”, - o deyib.
O əlavə edib ki, iqlim fəaliyyətinin faydaları daha təhlükəsiz enerji, daha təmiz hava, yeni iş yerləri, sağlam cəmiyyət və daha yüksək dayanıqlılıq formasında özünü göstərir.
S.Stil qeyd edib ki, COP30-da bütün ölkələr enerji keçidinin geri dönməz olduğunu və Paris Sazişinin işlədiyini bəyan ediblər.
“Bakıdan Beləmə və ondan da irəliyə doğru bu öhdəliyi real fəaliyyətə çevirməliyik. Fəaliyyət Gündəliyi hökumətləri biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti ilə bir araya gətirərək real iqtisadiyyatda dəyişiklikləri – elektrikləşmədən şəhərlərə və ərzaq sistemlərinə qədər – sürətləndirə bilər”, - deyə UNFCCC-nin icraçı katibi bildirib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.
