Bakı. Trend:
Türkiyə elektrikləşdirmə səviyyəsini 2035-ci ilədək 35 faizə çatdıracaq.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu COP31-in Baş icraçı direktoru (CEO), Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi nazirinin müavini Fatma Varank Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində bildirib.
Onun sözlərinə görə, iqlim həftələrində müzakirə olunan məsələlərin böyük hissəsi sonradan COP gündəliyində öz əksini tapır və bu platformalar qlobal iqlim fəaliyyətinin daha da sürətləndirilməsinə töhfə verir.
“İqlim həftələrini həqiqətən təbrik edirəm. Çünki iqlim həftələri çox mühüm platformalardır. Effektiv iqlim həftəsində müzakirə olunan məsələlərin bir çoxu COP-da artıq mətbəxdə bişirilir və sonra COP-da təqdim olunur. Buradakı gündəliklər, xüsusilə fəaliyyət gündəliyi üzrə aparılan müzakirələr, görüşlər və təqdim olunan töhfələr fəaliyyət gündəliyinin daha fəal şəkildə həyata keçirilməsinə kömək edir”, - deyə F.Varank bildirib.
O qeyd edib ki, COP28-də 2030-cu ilə qədər bərpa olunan enerji gücünün üç dəfə artırılması və enerji səmərəliliyinin yaxşılaşdırılma tempinin iki dəfə artırılması ilə bağlı qlobal hədəflər müəyyənləşdirilib.
“Bütün ölkələr özlərini bu hədəflərə yaxınlaşdıracaq tənzimləmələr həyata keçirdilər. Türkiyə də bu ölkələrdən biridir. Bu hədəfə çatmaq üçün, o cümlədən bütün zəruri hüquqi tənzimləmələri həyata keçirməklə özəl sektorla birlikdə intensiv fəaliyyət göstərdik”, - deyə COP31-in CEO-su vurğulayıb.
F.Varankın sözlərinə görə, COP29-da Azərbaycan sədrliyinin enerji şəbəkələri və enerji saxlanc sistemləri ilə bağlı təşəbbüsləri də mühüm maraq doğurub və bu istiqamətdə işlər davam etdirilib.
“İndi isə COP31-də, Antalyada keçiriləcək toplantıda fəaliyyət gündəliyimizin əsas istiqamətlərindən biri elektrikləşdirmə kimi müəyyənləşdirilib. 2035-ci il üçün qlobal miqyasda ‘35-ə 35’ adlandırılan 35 faizlik hədəfə çatmaq məqsədi qarşıya qoyulub və bu, iyun ayında Bonnda açıqlanıb”, - deyə o bildirib.
Onun sözlərinə görə, bu hədəfin daha ətraflı hesabatı Nyu-Yorkda təqdim ediləcək. Bu proses çərçivəsində müxtəlif sektorların elektrikləşdirmə hədəfinə hansı şərtlər daxilində çatacağı da müəyyənləşdiriləcək.
“Elektrikləşdirmə çox geniş anlayışdır. Bu hədəfə çatarkən ölkələrin hansı şərtlər daxilində elektrikləşdirmə məqsədinə nail olacağı da vacibdir”, - deyə F.Varank qeyd edib.
COP31-in CEO-su inkişaf etməkdə olan ölkələrin bu hədəfə çatmasına dəstək verəcək maliyyə və texniki mexanizmlərin hazırlanmasının vacibliyini vurğulayıb.
“İnkişaf etməkdə olan ölkələrin maliyyəyə çıxışını asanlaşdıracaq ‘Bridge’ adlandırdığımız mexanizm üzərində çalışırıq. Bunun ilk tətbiqlərini Nyu-Yorkda altı ölkə üzrə pilot layihə kimi elan edəcəyik. Böyük ehtimalla burada əsas istiqamət də elektrikləşdirmə olacaq”, - deyə o bildirib.
F.Varank qeyd edib ki, qlobal elektrikləşdirmə hədəfi müəyyənləşdirilərkən inkişaf etməkdə olan ölkələrin geridə qalmaması təmin edilməlidir.
“İnkişaf etməkdə olan ölkələrin bir hissəsinin, eləcə də ən az inkişaf etmiş ada dövlətlərinin və Afrika ölkələrinin bu hədəflərə çatması üçün mütləq maliyyə və texniki baxımdan dəstəklənməsi lazımdır. COP sədrliyi olaraq biz də bu işi paket şəklində COP31-in gündəliyinə gətirəcəyik”, - deyə o vurğulayıb.
O bildirib ki, elektrikləşdirmə üzrə əsas diqqət sənaye, nəqliyyat, binalarda enerji səmərəliliyi və binalarda elektrikləşdirmə kimi sahələrə yönəldiləcək.
“Türkiyə olaraq hazırda elektrikləşdirmə səviyyəmiz 22 faizdir. Biz bunu da 35 faizə çatdırmaq üçün digər inkişaf etməkdə olan ölkələr kimi bir sıra işlər görəcəyik”, - deyə F.Varank əlavə edib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.
