Azərbaycanla Ermənistan arasında sülh mümkündür, lakin bunun üçün İrəvana siyasi iradə lazımdır – Həsən Həsənov “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)

Siyasət Materials 7 Sentyabr 2026 11:30 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında sülh mümkündür, lakin bunun üçün İrəvana siyasi iradə lazımdır – Həsən Həsənov “Tofiq Abbasovla dialoq” verilişində (FOTO/VİDEO)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə eyni vaxtda həm dövlət quruculuğu, həm də müharibə şəraitində mübarizə aparmalı və ən ciddi beynəlxalq informasiya blokadasını dəf etməli olub.

Bunu Azərbaycanın tanınmış dövlət və ictimai-siyasi xadimi, keçmiş Baş naziri və xarici işlər naziri Həsən Həsənov "Baku Network"un “Tofiq Abbasovla dialoq” adlı analitik videolayihəsinin yeni buraxılışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin bərpası ölkənin müasir tarixinin ən mürəkkəb dövrlərindən birinə təsadüf edib.

O qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan beynəlxalq arenada da son dərəcə çətin vəziyyətdə idi. Bir çox dövlət ölkədə baş verənlər barədə demək olar ki, təsəvvürə malik deyildi, Ermənistan tərəfi isə artıq ciddi siyasi və informasiya mövqelərinə sahib idi.

“Biz sıfırdan başlamamışıq, Azərbaycana mənfi, Ermənistana isə müsbət münasibətin olduğu məqamdan başlamışdıq”, – deyə H.Həsənov vurğulayıb.

O bildirib ki, BMT-nin baş katibi Butros Butros-Qaliyə etimadnaməsini təqdim etdikdən cəmi iki gün sonra Şuşa işğal olunub.

“Mənim hazırlaşmağa vaxtım olmadı. Artıq ikinci gün Şuşa nümunəsində Azərbaycanın maraqlarını müdafiə etməli idim. Tamamilə əlverişsiz şəraitdə informasiya blokadasını yarmaq lazım idi”, – deyə o bildirib.

Ümummilli lider Heydər Əliyevin diplomatiya məktəbindən danışan H.Həsənov onun ən mühüm keyfiyyətlərindən biri kimi strateji qərarları çox qısa müddətdə qəbul etmək bacarığını qeyd edib.

“Heydər Əliyevin minlərlə müsbət xüsusiyyətini sadalamaq olar. Lakin ən başlıcası qərarı bir anın içində qəbul etmək bacarığı idi”, – deyə o vurğulayıb.

Keçmiş xarici işlər nazirinin sözlərinə görə, Heydər Əliyev dəfələrlə Ermənistan tərəfinə münaqişənin həlli ilə bağlı kompromis variantları təklif edib, lakin İrəvan bunları rədd edib.

“Hətta Ter-Petrosyan gələcəyi digər ermənilərdən daha yaxşı görür və silahdaşlarına deyirdi: indi Azərbaycanın təklif etdiklərini rədd edirsiniz, elə bir gün gələcək ki, buna görə peşman olacaqsınız”, – deyə H.Həsənov bildirib.

O, Azərbaycanın Prezidenti İlham Əliyevin siyasətinə və dövlətin ərazi bütövlüyünün bərpasına uzun illər ərzində hazırlıq prosesinə xüsusi diqqət yetirib.

“2003-cü ildə Prezident İlham Əliyev andiçmə mərasimində dedi ki, biz Qarabağı azad edəcəyik. O zaman o, sadəcə vəd vermirdi, getmək lazım olan yolu bilirdi. Bilirdi ki, müharibə necə getsə də, Şuşanın qayalıqlarında başa çatmalıdır”, – deyə H.Həsənov bildirib.

H.Həsənov qeyd edib ki, məhz ardıcıllıq və praqmatizm Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyətlərinə çevrilib.

“Siyasətçilər çox vaxt öz bəyanatları ilə kifayətlənirlər. Prezident İlham Əliyev isə Qarabağ münaqişəsi problemini məhz praqmatik yolla həll etdi”, – deyə keçmiş nazir bildirib.

Onun fikrincə, qələbədən sonra Azərbaycan da praqmatik yolu seçdi – hərbi uğuru özlüyündə məqsədə çevirməmək, onun nəticəsini siyasi baxımdan möhkəmləndirmək.

“Qələbə ilə öyünmək olmaz və buna ehtiyac yoxdur. Bu qələbəni addım-addım möhkəmləndirmək, yaxın keçmişədək açıq düşmən olan ölkə ilə münasibətlər qurmaq lazımdır”, – deyə H.Həsənov bildirib.

Bununla yanaşı, o vurğulayıb ki, tarixi yaddaş əbədi düşmənçilik anlamına gəlməməlidir.

“Biz çəkdiyimiz dağıntıları, əhalimizin məcburi köçkün vəziyyətinə düşməsini, minlərlə insanın öldürülməsini, minlərlə taleyin məhv olmasını unutmayacağıq. Lakin bu, həmişə düşmənçilik vəziyyətində olmalı olduğumuz anlamına gəlmir. Keçmişi unutmadan gələcək həyatın yeni, düzgün xəttini qurmaq lazımdır”, – deyə o bildirib.

H.Həsənov Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna əminliyini, lakin bunun üçün İrəvana siyasi iradə lazım olduğunu ifadə edib.

Oxuculara verlişin tam videoyazısını təqdim edirik:

Məqalədə:

Xəbər lenti

Xəbər lenti