Bakı.Trend:
İqlim fəlakətləri həssas iqtisadiyyatları daha da zəiflədə bilər. Məhz buna görə ekoloji əməkdaşlıq yeni bir ayrılıq xətti deyil, körpü olaraq qalmalıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə COP29-un prezidenti və Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən “Bakıdan COP31-ə: Parçalanmış dinamikanı qoruyub saxlamaq” adlı panel müzakirəsi zamanı çıxışında deyib.
O qeyd edib ki, Bakıdakı təcrübəmiz konsensus əldə etməyin nə qədər çətin olduğunu göstərdi.
“Ölkələr COP29-a çox fərqli prioritetlər və gözləntilərlə
gəlmişdilər, lakin buna baxmayaraq masa arxasında qaldılar.
Məhz bu qarşılıqlı dialoq mədəniyyəti mühüm əhəmiyyət kəsb edir.
COP31-ə doğru irəlilədikcə biz bunu qorumalıyıq. Alternativlər
barədə də aydın mövqeyimiz olmalıdır. Əgər beynəlxalq iqlim
əməkdaşlığı zəifləyərsə, iqlim dəyişikliyi buna görə səngiməyəcək.
Biz sadəcə olaraq, idarəetmə üçün daha zəif alətlərlə daha güclü
təsirlərlə üz-üzə qalacağıq.
Bakı İqlim Fəaliyyəti Həftəsinin mühüm olmasının bir səbəbi də budur. Bu platforma danışıqlar arasında çətin sualları həll etmək, dialoqu qorumaq və beynəlxalq öhdəlikləri icraya daha da yaxınlaşdırmaq üçün bizə imkan yaradır”,- deyə o bildirib.
Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.
