Bakı. Trend:
ABŞ-ın Mayami şəhərindəki beynəlxalq hava limanında “Amazon” şirkətinə məxsus yük təyyarəsinin uçuş-enmə zolağının sonundan çıxaraq bir neçə avtomobilə çırpılması və alovlanması nəticəsində bazar günü beş nəfər ölüb, daha beş nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
“İndi bilirik ki, beş nəfər həyatını itirib, daha beş nəfər isə yaralanıb”, – Mayami-Deyd dairəsinin meri Daniella Levine Cava hava limanında keçirdiyi mətbuat konfransında bildirib.
Yaralananlardan üçünün “vəziyyəti kritikdir”, digər iki nəfər isə yerli xəstəxanaya çatdırılıb. Bunu Mayami-Deyd yanğınsöndürmə xidmətinin rəhbəri Rey Jadallah deyib.
“60-dan çox yanğınsöndürən Mayami Beynəlxalq Hava Limanı yaxınlığında uçuş-enmə zolağının sonundan çıxaraq bir neçə avtomobilə çırpılan təyyarənin iştirakı ilə baş vermiş qəza yerindədir”, – yanğınsöndürmə xidməti daha əvvəl X sosial şəbəkəsində yazıb. Qurum əlavə edib ki, əməkdaşlar hazırda yanğını söndürür və hadisə zamanı zərər çəkən şəxslərin vəziyyətini qiymətləndirirlər.
ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, qəzaya uğrayan yük təyyarəsi Puerto-Rikodan uçan Prime Air 7598 reysi olub və Boeing 767-300 təyyarəsi ilə həyata keçirilib. FAA hadisə ilə bağlı araşdırmaya başlayacağını açıqlayıb.
Mayami hava limanı yerli vaxtla saat 15:00-dan az sonra X sosial şəbəkəsində bildirib ki, “hazırda hava limanının bütün uçuş-enmə zolaqları və hərəkət yolları bağlıdır”.
Hava limanı daha sonra açıqlayıb ki, “Prime Air 7598 reysi bazar günü təxminən saat 14:00-da Mayami Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının sonundan çıxıb və təyyarə hava limanının şimal-qərbində dayanıb”.
Sosial şəbəkələrdə yayılan qəza görüntülərində təyyarədən qalxan qatı tüstü və alov görünür. Təyyarənin hərəkətini dayandırmazdan əvvəl yolu keçdiyi ehtimal olunur. Hadisə yerinin yaxınlığında bir neçə yük maşını da görünür.
Yanğınsöndürmə xidməti bildirib: “Hadisə yerinə çatdıqda ekipajlar qəza nəticəsində alovlanmış təyyarə, güclü alov və tüstü ilə qarşılaşıblar”.
AFP-nin yerli vaxtla saat 16:00-dan az sonra çəkdiyi görüntülərdə yanğının artıq söndürüldüyü görünür. Hadisə ərazisində polis avtomobilləri və işıqları yanılı vəziyyətdə olan təcili tibbi yardım maşınları müşahidə olunur.
AFP-yə açıqlamasında “Amazon” şirkəti eniş zamanı baş verən qəzanı təsdiqləyib və “hadisədən zərər çəkən insanlara yardım göstərmək üçün bütün mümkün tədbirləri gördüyünü” bildirib. Şirkətin sözçüsü Kelli Nantel qeyd edib:
“Vəziyyət çox sürətlə dəyişir və biz hələ də məlumatları toplamaq prosesindəyik”.
AP News-un məlumatına görə, reysi Şimali Karolinada yerləşən yükdaşıma şirkəti 21 Air həyata keçirib.
Uçuşların izlənməsi üzrə Flightradar24 saytının məlumatına əsasən, 32 yaşlı Boeing 767 təyyarəsi əvvəlcə sərnişin daşınması üçün istehsal edilib və yük təyyarəsinə çevrilməzdən əvvəl iyirmi ildən artıq müddət ərzində bir neçə aviaşirkət tərəfindən istifadə olunub. Təyyarə 2015-ci ildə yük təyyarəsinə çevrilib.