Bakı. Trend:
Heydər məscidində 10 ildən artıqdır ki, məzhəblərindən asılı olmayaraq bütün müsəlmanların bir imamın arxasında vəhdət namazı qılması ənənəsi davam edir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Bakı şəhəri Heydər Məscidinin imamı Hacı Hafiz Abbasov din xadimlərinin Azərbaycana səfəri çərçivəsində məsciddə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Heydər məscidində keçirilən vəhdət namazında müsəlmanlar arasında məzhəb fərqindən asılı olmayaraq ayrı-seçkiliyə yol verilmir:
“Bütün müsəlmanlar məzhəb fərqliliyindən asılı olmayaraq bir yerdə, bir imamın arxasında namazlarını əda edirlər. Ayrı-seçkilik yoxdur. Bu bizim tolerantlığımızdır”.
Hacı Hafiz Abbasov qeyd edib ki, Azərbaycanda tolerantlıq yalnız dindarlar arasında münasibətlərlə məhdudlaşmır:
“Bizim bir azərbaycanlı, bir müsəlman olaraq Uca Rəbbimizin yaratdığı bütün məxluqata, bütün dinlərin hər birinə tolerantlığımız mövcuddur. Hər kəslə qardaş kimi yaşamağa, hər kəsi Allahın yaratdığı bir varlıq kimi sevməyə çalışırıq və çalışırıq ki, heç bir zaman ayrılıq olmasın, təfriqə olmasın”.
Onun sözlərinə görə, insanların birgə yaşaması və fəaliyyət göstərməsi, həmçinin ibadətlərini birlikdə həyata keçirməsi mühüm əhəmiyyət daşıyır.
“İnsanlar bir yerdə yaşasınlar, birgə fəaliyyətlərini davam etdirsinlər, bir-birlərindən ayrılmasınlar – nə həyatda, nə ibadətlərində, nə Allahın hüzurunda”, - deyə imam vurğulayıb.
Hacı Hafiz Abbasov bütün müsəlmanların və möminlərin birlik və vəhdət şəklində ibadət etməsini arzulayıb.
O, Türkiyə, İraq və Gürcüstandan olan azərbaycanlı din xadimlərinin də vəhdət namazında iştirak etdiyini xatırladıb. Qeyd edib ki, onlar vəhdət mühitini əyani şəkildə görüb, hiss edib və bundan məmnunluqlarını ifadə ediblər.
“Biz də özlərinə xüsusi təşəkkürlərimizi bildiririk”, - deyə o əlavə edib.
Hacı Hafiz Abbasov belə tədbirlərin sayının artırılmasının vacibliyini vurğulayıb və tədbirin təşkilinə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
“Onların səyləri sayəsində vəhdət bütün dünyaya tanıdılır. Uca Rəbbimizin əmri hər kəsə sanki əyani bir şəkildə aşılanır, açıqlanır”, - deyə imam bildirib.
O, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.
