Qarabağ zəfəri bütün dünya azərbaycanlılarının qələbəsidir - Gündüz İsmayılov

Cəmiyyət Materials 7 Sentyabr 2026 17:22 (UTC +04:00)
Qarabağ zəfəri bütün dünya azərbaycanlılarının qələbəsidir - Gündüz İsmayılov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda əldə edilən Zəfər bütün dünya azərbaycanlılarının qələbəsidir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov din xadimlərinin Azərbaycana səfəri çərçivəsində İlahiyyat İnstitutunda baş tutan görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, Zəfərdən sonra xaricdə yaşayan soydaşlarla dini-mənəvi əlaqələrin gücləndirilməsinə yönəlmiş tədbirlər artırılıb:

“Qarabağda qazandığımız böyük zəfər digər ölkələrdə yaşayan soydaşlarımızla dini-mənəvi bağlılığımızı daha da gücləndirmək üçün bir fürsətdir. Bu baxımdan, sizinlə bir araya gəlməyimizə təkcə bir səfər kimi baxmırıq. Həm də qardaşlığımızı və birliyimizi daha da möhkəmləndirmək üçün bir fürsət kimi baxırıq”.

G.İsmayılov din xadimlərinin İlahiyyat İnstitutunda qarşılanmasının təsadüfi olmadığını vurğulayıb. O qeyd edib ki, görüşdə şəhid ailəsinin iştirak etməsi də xüsusi əhəmiyyət daşıyır.

“Şəhid ailəsi ilə, Azərbaycanın qəhrəman oğlunun valideyni ilə görüşmək İstanbuldan, Zeynəbiyyədən gələn qardaşlarımızın arzusu olub. Biz də bunu cani-könüldən reallaşdırmağa çox şadıq”, – deyə sədr müavini bildirib.

Onun sözlərinə görə, Qarabağda əldə edilən zəfər yalnız Azərbaycan Respublikasının vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının zəfəridir.

“Bu zəfər dünyada nə qədər azərbaycanlı varsa, onların hər birinin zəfəridir. Bu həm də o deməkdir ki, Qarabağda şəhid olmuş hər kəs təkcə Azərbaycanın deyil, bütün dünyada yaşayan azərbaycanlıların şəhididir”, – G.İsmayılov deyib.

O bildirib ki, şəhidlər bütün dünya azərbaycanlıları üçün müqəddəs və əzizdir.

Dövlət Komitəsinin sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun dini-mənəvi dəyərlərin qorunması baxımından əhəmiyyətini də qeyd edib.

“İlahiyyat İnstitutu bizim üçün mübarək bir yerdir. Bu universitetin, bu auditoriyanın məzunları arasında da şəhid var. Bu da çox önəmli bir məqamdır”, – deyə o vurğulayıb.

G.İsmayılovun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və xalqın birliyi sayəsində təmin edilib. O əlavə edib ki, hazırda qarşıda duran növbəti vəzifə ölkənin mənəvi bütövlüyünün qorunmasıdır.

“Mənəvi bütövlüyümüzün, eyni zamanda dini-mənəvi bütövlüyümüzün qoruyucuları bu auditoriyada, bu institutda yetişirlər. Biz istəyirik ki, siz bu mühitin necə bir mühit olduğunu öz gözlərinizlə görəsiniz. Əmin olasınız ki, ana vətənimiz, ata vətənimiz dini-mənəvi mühitə necə baxır”, – deyə sədr müavini qeyd edib.

O vurğulayıb ki, Azərbaycanla bağlı kənardan yayılan məlumatların bir qismi ölkənin real vəziyyətini əks etdirmir:

“Kənardan azərbaycanlılarla bağlı bəziləri fərqli nələrsə deməyə çalışır. Amma deyilənlər çox vaxt həqiqətə, Azərbaycan reallıqlarına yox, başqalarının maraqlarına yönəlikdir. Ona görə sizi bu auditoriyaya gətirməkdə, bu mühitlə tanış etməkdə məqsədimiz Azərbaycanın dini-mənəvi reallığını, mənəvi mühitini öz gözlərinizlə görməyinizdir”.

G.İsmayılov Qarabağ məsələsinin yalnız torpaq və ərazi bütövlüyü məsələsi olmadığını bildirib.

“Qarabağ həm də dünya azərbaycanlılarının qürur, şərəf, dövlət, milli qürur məsələsidir”, – deyə o bildirib.

Sədr müavini 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində yeni mərhələ yaratdığını qeyd edib.

“Biz bu müharibədə, 44 günlük savaşda təkcə torpaqlarımızı azad etməmişik, təkcə ərazi bütövlüyümüzü təmin etməmişik. Həm də bizim namusumuza, mənliyimizə, şərəfimizə uzanmış əli kəsib atmışıq, alnımızdakı ləkəni silmişik. Əslində, bu, yeni bir miladdır, yeni bir doğuluşdur”, – G.İsmayılov deyib.

O bildirib ki, Azərbaycan 27 sentyabrdan əvvəlki Azərbaycanla Qarabağda qazanılmış zəfərdən sonrakı Azərbaycan arasında böyük fərq var.

“Şuşa bizim Qarabağda ərazi bütövlüyümüzün bir simvolu idi. Biz bunu qaytardıq”, – deyə o əlavə edib.

G.İsmayılov din xadimlərinin Qarabağa səfərinin də mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, Xocalı və Ağdamın ziyarət edilməsi Azərbaycan əsgərinin şücaətinin, Azərbaycan xalqının bütövlüyünün və Azərbaycan dövlətinin qüdrətinin yaxından görülməsinə imkan verəcək.

“Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir. Bura həm də sizin vətəninizdir. Sadəcə olaraq biz vətəndaşıq. Bizimlə birlikdə siz də bu vətənin övladlarısınız”, – deyə G.İsmayılov vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti