Miqrantlar bizdən qorxmasınlar - Almaniya naminə Alternativ partiyası

Dünya xəbərləri Materials 7 Sentyabr 2026 18:19 (UTC +04:00)
Miqrantlar bizdən qorxmasınlar - Almaniya naminə Alternativ partiyası
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Almaniya naminə Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel partiyasının Saksoniya-Anhalt federal torpağının landtaqına (regional parlament) keçirilən seçkilərdə inamlı qələbəsindən sonra bildirib ki, əcnəbilər və ya miqrantlar AfD-nin hakimiyyətə gəlməsindən qorxmamalıdırlar.

“Bizim kredomuz ondan ibarətdir ki, cəmiyyətimizə müsbət töhfə verən, burada işləmək istəyən, ixtisaslı olan, vergi ödəyən və qanun-qaydalara əməl edən hər kəsdən məmnunuq”, - deyə Vaydel Berlində keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, AfD üçün hazırkı hakimiyyətdən fərqli olaraq söhbətin əcnəbilərdən, miqrantlardan və ya yerli almanlardan getməsinin heç bir əhəmiyyəti yoxdur.

“Biz sadəcə açıq sərhədlərdən nəzarətsiz, qanunsuz şəkildə əsasən ixtisassız şəxslərin ölkəyə gəlməsini və onların sosial təminat sistemlərimizə daxil olmasını istəmirik”, - deyə AfD lideri bildirib.

Vaydel hakimiyyətin vəziyyətin hazırda məhz belə olduğunu etiraf etməkdən imtina etməsinin “keçmiş xalq partiyalarının” reallıqdan nə qədər uzaq olduğunu göstərdiyini vurğulayıb.

“İnsanlar qorxur. Məktəblərdə uşaqlarımız təzyiqlərə məruz qalır, çünki onlar azlıqda qalıblar, çünki xristiandırlar”, - deyə Vaydel bildirib.

Xatırladaq ki, sentyabrın 6-da Saksoniya-Anhaltda federal torpaq parlamentinə seçkilər keçirilib. İlkin rəsmi nəticələrə görə, AfD 43,8 faiz səs toplayaraq inamlı qələbə qazanıb. Bu, AfD-nin Almaniya regionlarında bütün tarixində göstərdiyi ən yüksək nəticədir. Partiya beş il əvvəl keçirilmiş əvvəlki seçkilərlə müqayisədə nəticəsini ikiqat artırıb.

Mersin rəhbərlik etdiyi Xristian-Demokrat İttifaqı (XDİ) ikinci yeri tutub. Partiya 2021-ci illə müqayisədə səslərinin yarıdan çoxunu itirib. Xristian demokratlar cəmi 17,2 faiz səs toplayıb ki, bu da XDİ-nin Saksoniya-Anhaltdakı ən pis nəticəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti