Bakı.Trend:
Cənubi Qafqaz və xüsusilə Azərbaycan son bir neçə ildə böyük nüfuz qazanıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin Akademik Şurasının üzvü Ulrix Şmid Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (Center for Governance and Culture in Europe – GCE-HSG) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan geniş iqtisadi, geopolitik və hərbi imkanları olan özünəinamlı bir oyunçu kimi özünü təsdiqləyib.
“Biz Azərbaycanda və Cənubi Qafqaz regionunda baş verənləri, habelə Ermənistanla yeni sülh layihəsinin regional əməkdaşlıq üçün nə məna kəsb etdiyini öyrənməkdə maraqlıyıq.
Ümid edirik ki, bu konfrans Cənubi Qafqazın daha yaxşı anlaşılmasına töhfə verəcək.
İki gün davam edəcək konfrans çərçivəsində Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda formalaşan yeni geosiyasi reallıqlar, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, eləcə də Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsində rolu əsas müzakirə istiqamətlərini təşkil edir”,- deyə o əlavə edib.
