Bakı. Trend:
Dövlət büdcəsinin gəlirləri yanvar-avqust aylarında proqnozu 780,2 milyon manat üstələyib.
Bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda qeyd edilib.
Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub:
"Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin
qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin
edilib, xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş
tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Cari ilin yanvar-avqust ayları ərzində dövlət büdcəsinin gəlirləri
26 486,5 milyon manat təşkil edib ki, bu da proqnozu 780,2 milyon
manat və ya 3.0 faiz üstələyib".
Məlumata görə, dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 619,1 milyon manat təşkil edərək proqnozdan 900,1 milyon manat və ya 7.7 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat təşkil edərək proqnozdan 7,3 milyon manat və ya 23.8 faiz, sair daxilolmalar 462,5 milyon manat təşkil edərək proqnozdan 77,1 milyon manat və ya 20.0 faiz çox, Dövlət Neft Fondundan transfert isə 8 559,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
"Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 326,9
milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların
ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat icra
olunub.
Yanvar-avqust ayları ərzində dövlət büdcəsinin xərcləri 22 770,6
milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2.1 faiz çoxdur.
2026-cı ilin yanvar-avqust ayları ərzində icmal büdcənin gəlirləri
32 799,6 milyon manat, xərcləri isə 26 967,5 milyon manat
məbləğində icra edilib", - deyə məlumatda qeyd edilib.
