Xəzərin problemlərinin həlli üçün beş ölkə arasında yüksək səviyyəli koordinasiya vacibdir - Amin Məmmədov

Yaşıl iqtisadiyyat Materials 8 Sentyabr 2026 10:07 (UTC +04:00)
Xəzərin problemlərinin həlli üçün beş ölkə arasında yüksək səviyyəli koordinasiya vacibdir - Amin Məmmədov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin qarşılaşdığı problemlərin həlli üçün Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında əməkdaşlığın yüksək dövlət səviyyəsində koordinasiya edilməsi vacibdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Amin Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İçməli su hövzələrində iqlim dəyişikliklərinin yaratdığı problemlər: Xəzər dənizi nümunəsi” mövzusunda paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, beş Xəzəryanı ölkənin müvafiq qurumlarının texniki səviyyədə əməkdaşlığı mümkün olsa da, bu əməkdaşlığın səmərəli nəticələr verməsi üçün ilk növbədə qərar qəbul edən şəxslər səviyyəsində koordinasiya təmin edilməlidir.

“Mən bir vətəndaş cəmiyyəti nümayəndəsi kimi hesab edirəm ki, qərar qəbul edənlər səviyyəsində koordinasiya olduqca vacibdir”, — deyə A.Məmmədov bildirib.

O, ötən il Braziliyada keçirilən COP30 çərçivəsində Azərbaycan pavilyonunda təşkil olunan xüsusi sessiyanı nümunə göstərib.

A.Məmmədov qeyd edib ki, həmin sessiyada Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini ilə yanaşı, digər dörd Xəzəryanı ölkənin nazir müavinləri və yüksək vəzifəli nümayəndələri də iştirak edib.

“Yüksək səviyyədə bütün imkanlar müzakirə olundu. Bundan sonra nümayəndələr öz ölkələrinə qayıtdıqda qərar qəbul edən şəxslər onların tabeliyində olan qurumlara konkret və müvafiq tapşırıqlar verə bildilər. Bu, əməkdaşlığın başlanması baxımından yaxşı təşəbbüs idi”, — deyə o vurğulayıb.

İctimai Şuranın sədr müavini bildirib ki, texniki mütəxəssislər və alimlərin əməkdaşlığı böyük ölçüdə siyasi qərarlardan asılıdır.

“Əgər yüksək hökumət səviyyəsində əməkdaşlıq düzgün şəkildə qurularsa, gələcəkdə texniki mütəxəssisləri və alimləri bir araya gətirməkdə ciddi çətinliklərlə üzləşməyəcəyik. Bu, onların əməkdaşlıq etməsinə, nəticələr əldə etməsinə, irəliləməsinə, problemin qarşısının alınmasına və ya onun həllinə töhfə verməsinə imkan yaradacaq”, — deyə A.Məmmədov əlavə edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti