Aqrar sektorun bütün sahələri üzrə subsidiyaların həcmi artırılıb - Tahir Rzayev

İqtisadiyyat Materials 8 Sentyabr 2026 10:42 (UTC +04:00)
Aqrar sektorun bütün sahələri üzrə subsidiyaların həcmi artırılıb - Tahir Rzayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar Subsidiya Şurasının yeni qərarı ilə kənd təsərrüfatı sektorunun bütün sahələri üzrə subsidiyaların həcmi artırılıb.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri, su çatışmazlığı, torpaqların şorlaşması, müharibə və münaqişələr kənd təsərrüfatının inkişafına və məhsuldarlığa ciddi maneələr yaradır.

“Real vəziyyət aqrar siyasəti yalnız istehsalın artırılmasına deyil, onun dayanıqlığının və fermerlərin risklərə davamlılığının təmin edilməsi yönündə tələb edir”, - deyə T.Rzayev bildirib.

Komitə sədri qeyd edib ki, su və torpaq resurslarından səmərəli istifadə, müasir suvarma, rəqəmsal kənd təsərrüfatı, aqrar sığorta, innovasiyalar və fermerlərin maliyyəyə çıxışı üçün hüquqi bazanın formalaşdırılması və yenilənməsi günün tələbidir.

T.Rzayev bildirib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda bu istiqamətlər üzrə əsas vəzifələr müəyyənləşdirilib.

“Dövlət Proqramında aqrar sektorun hüquqi bazasının təkmilləşdirilməsi, dövrün tələblərinə cavab verən qanunların hazırlanıb qəbul edilməsi başlıca vəzifə kimi qarşıya qoyulub. Məqsəd davamlı, dayanıqlı aqrar inkişafa nail olmaq, dövlət-özəl münasibətlərini möhkəmləndirmək, beynəlxalq tərəfdaşlığı genişləndirmək, aqrar sektora investisiya cəlb etməkdir”, - deyə o vurğulayıb.

Komitə sədri qeyd edib ki, iqlimədavamlı kənd təsərrüfatının qurulması yalnız fermerlərin üzərinə düşən vəzifə deyil.

“İqlimədavamlı kənd təsərrüfatını fermer tək qura bilməz. Dövlət, parlament və hökumətin yaratdığı əlverişli siyasət və hüquqi çərçivə şəraitində fermerlərlə bərabər kiçik və orta sahibkarlar, qadınlar və gənclər bu prosesə cəlb olunmalıdırlar”, - deyə T.Rzayev bildirib.

Onun sözlərinə görə, Milli Məclisdə Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə keçirilən dinləmələr və müzakirələr, həmçinin aqrar sektorun inkişafı baxımından əhəmiyyətli olan toxumçuluq və balıqçılıq haqqında qanunların qəbulu bu istiqamətdə görülən işlərin göstəricisidir.

“Fermer bizim siyasətimizin tərəfdaşıdır, gördüklərini qiymətləndirir, inkişafa, yeniliklərə önəm verir, dövləti dəstəkləyir”, - deyə komitə sədri qeyd edib.

T.Rzayev bildirib ki, dövlətin əsas vəzifələrindən biri fermerlərin mövcud iqlim şəraitinə uyğunlaşması üçün əlverişli mühit yaratmaq, qanunvericiliyi müasirləşdirmək, əlçatan maliyyə mexanizmləri, səmərəli su və torpaq idarəçiliyi və sağlam tərəfdaşlıq mühiti formalaşdırmaqdır.

O, həmçinin FAO-nun bu sahədə tərəfdaşlığını müsbət qiymətləndirib.

Komitə sədri Bakı İqlim Fəaliyyəti Həftəsinin iqlim dialoqlarının təşviqi və tərəfdaşlıqların möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

“Yüz milyonlarla insanın iqlim dəyişiklikləri nəticəsində ərzaq çatışmazlığından əziyyət çəkməsi, çörəyə, suya, qidaya möhtac qalması ciddi düşünməyə, aqrar sektorun inkişafı üçün beynəlxalq əməkdaşlığı, dialoq mühitini genişləndirməyə zərurət yaradır”, - deyə T.Rzayev bildirib.

O əlavə edib ki, aqrar sektorun davamlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, təbiətin qorunması və insanların rifahının yaxşılaşdırılması dövlətlərin əsas vəzifələrindəndir.

“Dünən Aqrar Subsidiya Şurası çox mühüm bir qərar imzalayıb. O qərarla aqrar sektorun bütün sahələri üzrə subsidiyaların həcmi artırılıb. Əlbəttə ki, bu, dövlət dəstəyinə bir nümunədir. Ölkədə aqrar sektorun inkişafı üçün həyata keçirilən çox mühüm tədbirdir”, - deyə T.Rzayev vurğulayıb.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti