İqlimədavamlı kənd təsərrüfatı üçün beynəlxalq əməkdaşlığı gücləndirməliyik - Nazir

İqtisadiyyat Materials 8 Sentyabr 2026 10:39 (UTC +04:00)
İqlimədavamlı kənd təsərrüfatı üçün beynəlxalq əməkdaşlığı gücləndirməliyik - Nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İqlimədavamlı kənd təsərrüfatına keçid üçün hökumətlər, beynəlxalq təşkilatlar, inkişaf və maliyyə institutları, elmi-tədqiqat dairələri və özəl sektor arasında əməkdaşlıq daha da gücləndirilməlidir.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

Nazir bildirib ki, kənd təsərrüfatının transformasiyasını heç bir ölkə təkbaşına həyata keçirə bilməz.

Onun sözlərinə görə, COP29 çərçivəsində başladılmış Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü iqlimədavamlı kənd təsərrüfatı sahəsində mövcud səylərin daha yaxşı əlaqələndirilməsi, maliyyə, bilik, texnologiya və potensialın gücləndirilməsi imkanlarının fermerlərə, xüsusilə kiçik fermerlərə, qadınlara və gənclərə praktik fayda verməsi məqsədilə yaradılıb.

“Azərbaycan üçün bu davamlılıq xüsusi əhəmiyyət daşıyır. Biz COP-dan COP-a əməkdaşlığı qətiyyətlə dəstəkləyirik”, - deyə M.Məmmədov qeyd edib.

Nazir bildirib ki, Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün COP29-dan sonra da, o cümlədən FAST Tərəfdaşlığının flaqman proqramı kimi davam etməsi mühüm əhəmiyyət daşıyır.

“COP31-ə doğru irəlilədiyimiz bir dövrdə hökumətlər, FAO və digər beynəlxalq təşkilatlar, inkişaf və maliyyə institutları, elmi-tədqiqat dairələri və özəl sektor arasında əməkdaşlığı daha da gücləndirməliyik”, - deyə o vurğulayıb.

M.Məmmədov qeyd edib ki, yalnız texnologiyaya deyil, məlumat infrastrukturuna, insan kapitalına, institusional potensiala və rəqəmsal bacarıqlara da investisiya qoyulmalıdır.

“Ən əsası, bu transformasiya fermeryönümlü və inklüziv olmalıdır. Kiçik fermer də iri kənd təsərrüfatı müəssisəsi qədər rəqəmsal transformasiyanın yaratdığı imkanlardan faydalana bilməlidir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında transformasiya yalnız texnoloji dəyişikliklə məhdudlaşmır.

“Düzgün məhsul istehsalı, resursların idarə edilməsi, risklərin qabaqcadan müəyyənləşdirilməsi və fermerlərə düzgün və vaxtında dəstəyin göstərilməsi ən vacib məsələlərdəndir”, - deyə M.Məmmədov qeyd edib.

Nazir bildirib ki, Azərbaycanın məsuliyyəti innovasiyanın dayanıqlılığa, məlumatın daha düzgün qərarların qəbuluna, texnologiyanın isə nəticə etibarilə insanlara xidmət etməsini təmin etməkdir.

“Azərbaycan bu gündəliyin həm milli səviyyədə irəlilədilməsinə, həm də regional və beynəlxalq əməkdaşlıq vasitəsilə təşviqinə sadiqdir”, - deyə o əlavə edib.

M.Məmmədov ümid etdiyini bildirib ki, dəyirmi masa ortaq məqsədlərin daha güclü tərəfdaşlıqlara, daha geniş investisiya imkanlarına və fermerlər, ərzaq təhlükəsizliyi və iqlim dayanıqlılığı üçün praktik həllərə çevrilməsinə töhfə verəcək.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti