Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama

Cəmiyyət Materials 8 Sentyabr 2026 16:43 (UTC +04:00)
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması onlayn kreditlərin geniş yayılmasına səbəb olsa da, bu sahədə yeni hüquqi risklər və məhkəmə mübahisələri də meydana çıxıb.

Ali Məhkəmədən verilən məlumata görə, Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir.

Bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi qaydalara əsasən, banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilərlər.

Ali Məhkəmə qeyd edib ki, son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr bəzi hallarda üçüncü şəxslərin vətəndaşların fərdi məlumatlarını əldə edərək onların adından onlayn kredit rəsmiləşdirdiyini və kredit vəsaitini öz hesablarına köçürdüyünü göstərir.

Məhkəmə təcrübəsində vətəndaşların özlərinin mobil telefonlarına göndərilən OTP kodlarını, bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşdığı hallara da rast gəlinir. Bu cür davranış dələduzluq hallarının baş verməsinə şərait yarada bilər.

Vurğulanıb ki, şəxsin dələduzluğun qurbanı olması onun kredit borcuna görə avtomatik olaraq hüquqi məsuliyyətdən azad edilməsi demək deyil. Vətəndaşlar FIN kodu, şəxsiyyət vəsiqəsi və onun surəti, SMS təsdiq kodları, bank tətbiqinə giriş məlumatları, üz tanınması və barmaq izi kimi biometrik məlumatlarının təhlükəsizliyini təmin etməlidirlər.

Ali Məhkəmə vətəndaşlara fərdi və bank məlumatlarını naməlum şəxslərlə paylaşmamağı, bank bildirişlərini və hesablarını mütəmadi izləməyi, mobil nömrə dəyişdikdə banka məlumat verməyi və şübhəli zəng və mesajlara etibar etməməyi tövsiyə edib. Xəbəri olmadan adına kredit rəsmiləşdirilən şəxslərin isə dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.

Qeyd olunub ki, məhkəmə təcrübəsinə əsasən, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün kifayət deyil. Məhkəmələr hər bir iş üzrə bankın davranışını və qanunvericiliyin tələblərinə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini, eləcə də təqdim edilən sübutları birlikdə qiymətləndirirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti