Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü başa çatıb (FOTO)

Yaşıl iqtisadiyyat Xəbər 8 Sentyabr 2026 09:01 (UTC +04:00)
Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü başa çatıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü başa çatıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, tədbirin ikinci günündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Günün proqramı çərçivəsində Xəzər dənizində iqlim dəyişmələrinin yaratdığı çağırışlar, su səviyyəsində dəyişikliklərin sahilyanı ekosistemlərə, icmalara, şəhərlərə, infrastruktura, nəqliyyata və iqtisadi fəaliyyətə təsiri müzakirə olunub.

Bundan əlavə, çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemlərinə süni intellektin inteqrasiyasının üstünlükləri və çətinlikləri nəzərdən keçirilib. Bu çərçivədə süni intellekt əsaslı hava proqnozu modellərinin tətbiqi, kibertəhlükəsizlik, məlumat təminatı, texnologiyanın etibarlılığı və beynəlxalq əməkdaşlıq məsələləri diqqət mərkəzində olub.

İkinci günün proqramında iqlimədavamlı kənd təsərrüfatının formalaşdırılmasında rəqəmsal transformasiya və süni intellektin imkanlarına da xüsusi yer ayrılıb. Azərbaycanda kənd təsərrüfatında süni intellekt və məlumat əsaslı həllərin tətbiqi, fermerlərə dəstək mexanizmləri, su və ərzaq sistemlərinin iqlim dəyişmələrinə uyğunlaşdırılması məsələləri müzakirə edilib.

Günün digər sessiyalarında yaşıl rəqəmsal fəaliyyət, rəqəmsal infrastrukturun iqlim dayanıqlığı və enerji səmərəliliyi, eləcə də şəhər inkişafının qlobal iqlim gündəliyinə inteqrasiyası məsələləri müzakirə olunub.

Həmçinin Bakı şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının nəticələrinin COP31-ə qədər iqlim fəaliyyətinə necə inteqrasiya edilə biləcəyi, dayanıqlı və iqlimədavamlı şəhərlərin inkişafı, dayanıqlı infrastruktur, yaşıl tikinti, iqlim maliyyələşdirilməsi və şəhərlərin iqlim risklərinə hazırlığı ilə bağlı məsələlər gündəmdə olub.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti