Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib

İqtisadiyyat Materials 8 Sentyabr 2026 15:06 (UTC +04:00)
Bakı, Naxçıvan və Gəncə hava limanları 8 ayda 5,7 milyondan çox sərnişinə xidmət göstərib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar–avqust aylarında Bakı, Naxçıvan və Gəncə hava limanları birlikdə 5,7 milyondan çox sərnişinə xidmət göstərib, 46 mindən çox uçuş həyata keçirib. Üç hava limanı üzrə ümumi sərnişin dövriyyəsi 2025-ci ilin eyni dövründəki səviyyəni qoruyub, uçuşların sayı isə 1,5% artıb.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sərnişin axınının əsas hissəsi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb. Belə ki, 2026-cı ilin yanvar–avqust aylarında Bakı aeroportu 4,9 milyondan çox sərnişinə xidmət göstərib və 39,525 uçuş həyata keçirib:

"Bakı aeroportunda ən diqqətçəkən dinamika transfer sərnişinləri üzrə qeydə alınıb. Yanvar–avqust aylarında transfer sərnişinlərinin sayı 373,733 nəfərə çataraq 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34% artıb.

İlin ilk səkkiz ayı üzrə ən yüksək sutkalıq sərnişin göstəricisi 15 avqust 2026-cı il tarixində qeydə alınıb. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda 31,360 sərnişinə xidmət göstərilib və 233 uçuş həyata keçirilib".

Məlumata görə, regional hava limanlarında da artım dinamikası davam edib:

"Naxçıvan Beynəlxalq Hava Limanı 2026-cı ilin yanvar–avqust aylarında 574 min sərnişinə xidmət göstərib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,7% artıb. Hava limanında eyni dövrdə 5,692 uçuş həyata keçirilib və uçuşların sayı illik müqayisədə 11,7% yüksəlib.

Gəncə Beynəlxalq Hava Limanında isə 2026-cı ilin ilk səkkiz ayında 147 min sərnişinə xidmət göstərilib və 1,107 uçuş həyata keçirilib. 2025-ci ilin yanvar–avqust ayları ilə müqayisədə sərnişinlərin sayı 4,9%, uçuşların sayı isə 2,1% artıb".

"Regionda davam edən geosiyasi qeyri-müəyyənlik və hava nəqliyyatına təsir edən dəyişikliklər fonunda ümumi sərnişin axınının 2025-ci ilin eyni dövründəki səviyyəni qoruması, transfer və regional daşımalar üzrə isə artımın davam etməsi sərnişin tələbatının dayanıqlığını göstərir", - deyə məlumatda bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti