Daşqınlar zamanı bəzi təmiz ərazilər yenidən minalarla çirklənib - Vüqar Süleymanov

Cəmiyyət Materials 8 Sentyabr 2026 11:47 (UTC +04:00)
Daşqınlar zamanı bəzi təmiz ərazilər yenidən minalarla çirklənib - Vüqar Süleymanov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daşqınlar və sellər zamanı minalardan təmizlənmiş ərazilərin yenidən minalarla çirklənməsi halları müşahidə olunub.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda yüksək səviyyəli dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.

Vüqar Süleymanov bildirib ki, iqlim dəyişikliklərinin təsiri minatəmizləmə fəaliyyətində də hiss olunur.

“Bizim fəaliyyətin spesifikasını nəzərə alaraq, yağışlı günlərdə təhlükəsizlik səbəbindən işləyə bilmirik. Son zamanlar, son illərdə yağışların artması sözsüz ki, bizim fəaliyyətimizə öz mənfi təsirini göstərir”, - deyə V.Süleymanov qeyd edib.

O bildirib ki, daşqınlar və sellər zamanı təmizlənmiş ərazilərin yenidən minalardan çirklənməsi halları bir neçə dəfə müşahidə olunub.

“Çay suları, daşqınlar zamanı çay suları ilə minalar aşağı ərazilərə gətirilir. Sözsüz ki, bu, bizim üçün bir həyəcan təbilidir. Biz artıq bu məsələlərə diqqət yetiririk və daşqınlardan və sellərdən sonra əraziləri əlavə olaraq təftiş edirik”, - deyə ANAMA sədri vurğulayıb.

V.Süleymanov qeyd edib ki, 2020-ci ilin noyabr ayından bu günədək Azərbaycanda 300 min hektardan çox ərazi minalardan və partlamış hərbi sursatlardan təmizlənib.

Onun sözlərinə görə, bu təmizləmə əməliyyatları nəticəsində 262 minə yaxın mina və partlamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti