Bakı. Trend:
Azərbaycanda fermer reytinqi bu ildən kənd təsərrüfatı subsidiyalarının verilməsində tətbiq olunmağa başlayacaq.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masadan sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, fermer reytinqinin tətbiqi ötən ildən test rejimində həyata keçirilir və bu ildən subsidiyaların verilməsi prosesində istifadə olunacaq.
Onun sözlərinə görə, fermer reytinqi üç əsas meyar üzrə formalaşdırılır.
“Fermer reytinqi üç əsas sütun üzərində qiymətləndirilir. Birincisi, fermerin əkdiyi məhsulun iqtisadi faydası, iqtisadi dəyəri, ikincisi tətbiq etdiyi aqrotexniki tədbirlər və üsullar, qulluğun nə qədər müasir olması və üçüncüsü, əlbəttə ki, iqlimə dayanıqlı aqrar fəaliyyətin göstərilməsi”, - deyə M.Məmmədov qeyd edib.
Nazir vurğulayıb ki, fermerin yekun balı bu üç istiqamət əsasında formalaşdırılır və fermerlər “Elektron kənd təsərrüfatı” informasiya sistemində bəyan etdikləri məlumatlara uyğun olaraq qiymətləndirilirlər.
M.Məmmədov bildirib ki, fermer reytinqinin tətbiqi ilk mərhələdə avans subsidiyalarının verilməsi zamanı nəzərə alınacaq.
“İlk dəfə bunun tətbiqini biz bu il avans subsidiyasının verilməsində nəzərə alacağıq. Avans subsidiyasının verilməsində 5-100 hektar arasında olan fermerlər, birillik əkinlər üzrə Aqrar Subsidiya Şurasının qərarında göstərilən məhsul növləri nəzərə alınacaq”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu prosesdə əsas şərtlərdən biri fermerin reytinq üzrə topladığı bal olacaq.
“Əsas vacib məqam məhz fermer reytinqində 30 və daha yuxarı bal toplamış fermerlərin nəzərə alınmasıdır”, - M.Məmmədov əlavə edib.
