Rəqəmsallaşma dövlət xidmətlərində fiziki müraciətləri və kağız istifadəsini azaltmalıdır - Fərid Osmanov

İqtisadiyyat Materials 8 Sentyabr 2026 14:26 (UTC +04:00)
Rəqəmsallaşma dövlət xidmətlərində fiziki müraciətləri və kağız istifadəsini azaltmalıdır - Fərid Osmanov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rəqəmsal transformasiyanın davamlı olması üçün bu prosesin ölçülməsi, süni intellekt və rəqəmsallaşmanın tətbiqinin genişləndirilməsi, dövlət xidmətlərinin alınması zamanı vətəndaşların fiziki müraciətlərinin və kağız istifadəsinin azaldılması vacibdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “COP29-dan İqlim Həftəsinə: Yaşıl dünya üçün rəqəmsal fəaliyyət yolu” adlı sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəqəmsal transformasiya prosesinin ölçülməsi və davamlılığının təmin edilməsi rəqəmsal həllərin daha geniş tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

F.Osmanov süni intellektin və rəqəmsallaşmanın proseslərə tətbiqinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

O qeyd edib ki, dövlət xidmətlərinin göstərilməsi zamanı vətəndaşların fiziki müraciətlərinin və xidmətlərdən yararlanmaq üçün fiziki ziyarətlərinin azaldılması rəqəmsal transformasiyanın əsas istiqamətlərindən biri olmalıdır.

“Ümumilikdə kağız istifadəsini minimuma endirmək də iqlim fəaliyyətinə töhfə vermək və təsir göstərmək baxımından vacibdir”, - deyə F.Osmanov bildirib.

Sədr qeyd edib ki, Azərbaycanın rəqəmsallaşma gündəliyində əsas hədəflərdən biri dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılmasıdır.

O bildirib ki, rəqəmsal infrastrukturun əsas təsiri ayrı-ayrı xidmətlərin deyil, vətəndaşların və bizneslərin gündəlik proseslərinin geniş miqyasda dəyişdirilməsi ilə bağlıdır.

“Əsas təsir rəqəmsal infrastrukturun gündəlik prosesləri geniş miqyasda dəyişdirməsi zaman yaranır. Bu, hər bir vətəndaşın və biznesin gündəlik proseslərinə təsir göstərir. Söhbət yalnız bir istifadə ssenarisindən deyil, həmin yanaşmanın milli səviyyədə tətbiqindən gedir”, - deyə o qeyd edib.

F. Osmanovun sözlərinə görə, Azərbaycan son dövrdə rəqəmsallaşma istiqamətində bir sıra strateji sənədlər qəbul edib. Bunlara Rəqəmsal İnkişaf Konsepsiyası, Süni İntellekt Strategiyası və rəqəmsal sürətləndirmə üzrə fəaliyyət planı daxildir.

O qeyd edib ki, qarşıdakı üç il ərzində əsas hədəflərdən biri dövlət xidmətlərinin rəqəmsallaşdırılma səviyyəsini 80 faizdən yuxarı çatdırmaqdır.

“Əsas məqsədlərdən biri rəqəmsal dövlət xidmətlərini daha proaktiv etməkdir. Hökumət, vətəndaşlar və biznes arasında qarşılıqlı əlaqəni daha görünməz və proaktiv formaya gətirmək, xidmətləri vətəndaşlara və biznesə onların müraciətinə ehtiyac yaranmadan təqdim etmək istəyirik”, - deyə F. Osmanov vurğulayıb.

Onun sözlərinə görə, rəqəmsallaşma nəticəsində müraciətlərin, lisenziyalaşdırma proseslərinin, bürokratik prosedurların və kağız sənədləşmənin minimuma endirilməsi nəzərdə tutulur.

F. Osmanov bildirib ki, hökumətin rəqəmsallaşma sahəsində əsas məqsədi dövlətlə vətəndaş və biznes arasında mövcud boşluğu azaltmaq və daha “görünməz hökumət” modelinə keçməkdir.

O əlavə edib ki, bu vəzifənin yalnız hökumətin üzərinə düşməsi düzgün yanaşma deyil və hökumət bütün məsələləri təkbaşına həll edə bilməz.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti