Azərbaycanın bir sıra dövlətlərlə elektron icazə mübadiləsi praktikasını genişləndirəcək - ABADA

İqtisadiyyat Materials 8 Sentyabr 2026 12:35 (UTC +04:00)
Azərbaycanın bir sıra dövlətlərlə elektron icazə mübadiləsi praktikasını genişləndirəcək - ABADA
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın ilin sonunadək bir sıra dövlətlərlə elektron icazə mübadiləsi praktikasını genişləndirəcəyi gözlənilir.

Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib.

Onun sözlərinə görə, cari il ərzində Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb:

“Bu dəhlizdə lokomotiv rolunu aparıcı ölkə kimi məhz Azərbaycan öz üzərinə götürüb. Azərbaycan artıq Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla elektron icazə mübadiləsi həyata keçirir. Sistem yaradılıb və artıq fəaliyyət göstərir. Bununla yanaşı, digər ölkələrlə də iş aparılır”.

K.Qurbanovun sözlərinə görə, Azərbaycanın ilin sonunadək daha bir sıra dövlətlərlə elektron icazə mübadiləsinə başlaması gözlənilir.

ABADA-nın baş katibi "e-CMR" e-qaiməsinə keçidlə bağlı görülən işləri də qeyd edib.

“Azərbaycan elektron CMR haqqında Konvensiyaya qoşulan ilk dövlətlərdən biri olub. Hazırda Rusiya və Azərbaycanın ədliyyə nazirlikləri ilə iş aparılır. Düşünürəm ki, proqnozlara əsasən, ilin sonunadək elektron CMR-dən istifadə edilməklə ilk yükdaşıma həyata keçiriləcək. e-CMR-ə keçid avtomobil daşımaları üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə o bildirib.

K.Qurbanov elektron TIR-dan istifadə edilməklə ilk yükdaşımanın həyata keçirildiyini də bildirib.

“Ötən ay elektron TIR üzrə ilk yükdaşıma həyata keçirilib. Bu, Türkmənistan və Azərbaycan arasında Gömrük Konvensiyası çərçivəsində tətbiq olunan sənəddir. Növbəti mərhələdə Azərbaycan və Türkiyə arasında e-TIR üzrə ilk yükdaşımanın həyata keçirilməsi planlaşdırılır. Elektron icazələr, e-CMR və e-TIR olmaqla üç əsas sənədin elektron formata keçirilməsi daşımalar zamanı kağız sənədlərdən istifadənin azalmasına imkan verəcək”.

Tam elektron formata keçidə nəyin mane olduğu ilə bağlı suala cavab verən ABADA-nın baş katibi Orta Dəhlizin zəncirvari sistem olduğunu və onun səmərəliliyinin hər bir halqadan asılı olduğunu bildirib.

O qeyd edib ki, hər bir dövlətin öz infrastrukturu və elektron sistemləri var və onların inteqrasiyası vaxt tələb edir. Həyata keçirilən pilot layihələr müsbət nəticələr göstərib.

K.Qurbanov Azərbaycan və Türkmənistan arasında TIR sistemi üzrə, həmçinin Türkmənistan və Özbəkistan arasında həyata keçirilən ilk yükdaşımanın uğurla başa çatdığını vurğulayıb.

Onun sözlərinə görə, növbəti istiqamət Türkiyə, Gürcüstan və digər dövlətlərlə elektron daşımaların inkişaf etdirilməsi olacaq.

Kənan Qurbanov, həmçinin e-CMR sisteminin ilin sonunadək tam fəaliyyətə başlayacağına ümid etdiyini bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti