Bakı.Trend:
Cənubi Qafqazda tamamilə yeni geopolitik vəziyyət yaranıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi (BMTMM) və İsveçrənin Sent-Qallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin (Center for Governance and Culture in Europe – GCE-HSG) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, artıq sülh və əməkdaşlıqdan danışılır. Bu əməkdaşlığın memarı isə Azərbaycandır.
“Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibi olduğu zaman öz mövqeyindən sui-istifadə etmədi. Əksinə, Azərbaycan iki ölkənin əməkdaşlıq edə, ticarət apara və dialoq qura biləcəyi bir gələcəyi irəli sürdü. Beləliklə, iki dövlət arasında sülh və normallaşma ilə yanaşı, bir neçə istiqamətimiz var. Bunlar delimitasiya prosesi, nəqliyyat əlaqələrinin bərpası, sülhquruculuğu və sülh müzakirələridi”,- deyə o bildirib.
F.Şəfiyev vurğulayıb ki, Cənubi Qafqaz və Azərbaycan haqqında danışarkən digər vacib məsələ enerjidir.
“İqtisadi imkanlar baxımından eyni dərəcədə vacib olan digər məsələ isə Orta Dəhliz adlanan nəqliyyat marşrutudur”,- deyə F.Şəfiyev əlavə edib.
