Bakı. Trend:
Azərbaycanın kənd təsərrüfatı üzrə subsidiya siyasəti iqlim dəyişikliklərinə uyğunlaşma məqsədilə daha çevik mexanizmlərlə həyata keçirilir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Harmoniya fəaliyyətdə: İqlimədavamlı kənd təsərrüfatı naminə tərəfdaşlıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və iqlim siyasəti artıq bir-birindən ayrı nəzərdən keçirilə bilməz.
“Bu gün iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri gözlə görünəndir və hər birimiz bunu həm görürük, həm də hiss edirik. Yağıntıların intensivliyi, quraqlıq müddətləri, dolunun düşmə intensivliyi və həcmi bölgələrdən asılı olaraq dəyişir”, — deyə nazir bildirib.
M.Məmmədov qeyd edib ki, kənd təsərrüfatında məhsul istehsalının davamlılığını və dayanıqlılığını təmin etmək üçün iqlim dəyişikliklərinə uyğunlaşmaq zəruridir.
“Biz adaptasiya olmalıyıq. Kənd Təsərrüfatı Nazirliyinin subsidiya siyasətinin artıq iqlim siyasətini nəzərə alaraq adaptativ şəkildə daha çevik təklifləri və həlləri var”, — deyə o vurğulayıb.
Nazir subsidiya siyasətində tətbiq olunan mexanizmlərdən bir neçəsini diqqətə çatdırıb.
Onun sözlərinə görə, torpaqların qorunması məqsədilə dincə qoyma subsidiyası, külək və eroziyanın təsirlərinin azaldılması üçün qoruyucu zolaqların salınmasına subsidiyalar, su resurslarından daha səmərəli istifadə məqsədilə isə müasir suvarma sistemlərinə dəstək və güzəştlər tətbiq olunur.
“Bunlar sadəcə ilkin nümunələrdir. Ümumilikdə məqsədimiz daha az resursla daha çox məhsul istehsalına nail olmaq və bu şəkildə iqlimin gətirdiyi dəyişikliklərə paralel olaraq adaptasiya olmaqdır”, — deyə M.Məmmədov əlavə edib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
