Sİ-nin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası qanunla tənzimlənmir - Komitə sədri

İqtisadiyyat Materials 8 Sentyabr 2026 11:14 (UTC +04:00)
Sİ-nin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası qanunla tənzimlənmir - Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda süni intellektin (Sİ) çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə (EXS) inteqrasiyasına həsr olunmuş xüsusi qanun layihəsi hələlik mövcud deyil.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Süni intellektin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları” mövzusunda yüksək səviyyəli dəyirmi masada deyib.

Onun sözlərinə görə, qarşıda iki mühüm vəzifə dayanır.

“Birincisi, elə etməliyik ki, süni intellektin bu həssas sahəyə tətbiqi zamanı hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmasın. İkincisi isə, normativ-hüquqi aktlar ictimai təhlükəsizliyi və insan hüquqlarını qorumağa yönəlsin. Yəni, bir tərəfdən biz prosesi dayandırmırıq, digər tərəfdən isə həm təhlükəsizlik təmin edilməli, insanların hüquqları müdafiə olunmalıdır”, - deyə H.Hüseynova bildirib.

O qeyd edib ki, Azərbaycanda Sİ-nin çoxsaylı təhlükələr üzrə erkən xəbərdarlıq sistemlərinə birbaşa həsr olunmuş xüsusi hüquqi tənzimləmə olmasa da, ölkənin rəqəmsal transformasiya, informasiya təhlükəsizliyi və fövqəladə halların idarə edilməsi çərçivəsində bu sahə ilə bağlı ümumi hüquqi mexanizmlər və institusional baza formalaşmaqdadır.

“Ölkədə süni intellekt texnologiyalarının tətbiqi, o cümlədən dövlət idarəçiliyində və proqnozlaşdırma sistemlərində rəqəmsal həllərin genişləndirilməsi müvafiq yol xəritələri ilə tənzimlənir”, - deyə komitə sədri əlavə edib.

H.Hüseynova qeyd edib ki, Azərbaycanın BMT-nin “Hər kəs üçün erkən xəbərdarlıq” təşəbbüsünün uyğunluq çağırışlarına qoşulması fonunda gələcəkdə kritik infrastruktur və təhlükəsizlik sektorunda Sİ tətbiqlərini tənzimləyən normativ bazanın gücləndirilməsi gözlənilir.

Komitə sədrinin sözlərinə görə, Sİ-nin təbii fəlakətlər, geosiyasi böhranlar, texnoloji qəzalar və iqtisadi risklər üzrə erkən xəbərdarlıq sistemlərinə inteqrasiyası qərar qəbuletmə mexanizmlərini əhəmiyyətli dərəcədə dəyişir.

O bildirib ki, Sİ böyük həcmdə məlumatları sürətlə təhlil edə və real vaxt rejimində emal edərək insan gözündən qaça biləcək qanunauyğunluqları aşkar edə bilir.

“Bu, gələcək təhlükələri, məsələn, zəlzələlərin ardıcıllığı, daşqınlar və ya epidemiya yayılmasını daha yüksək dəqiqliklə əvvəlcədən proqnozlaşdırmağa imkan verir”, - deyə H.Hüseynova vurğulayıb.

Onun sözlərinə görə, Sİ təhlükə əlamətlərini saniyələr ərzində qeydə alaraq aidiyyəti qurumlara dərhal xəbərdarlıq göndərə, fövqəladə hallara hazırlaşmaq üçün əlavə vaxt qazandıra bilər.

Bundan başqa, Sİ böhran baş verməzdən əvvəl risk zonalarında resursların, o cümlədən xilasetmə qrupları və tibbi ləvazimatların optimal şəkildə bölüşdürülməsinə imkan yarada bilər.

H.Hüseynova bununla yanaşı, Sİ-nin erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının bir sıra çağırışlar yaratdığını da diqqətə çatdırıb.

O qeyd edib ki, Sİ modellərinin səhv proqnozlar verməsi və ya qeyri-dəqiq məlumatlar əsasında yalançı həyəcan yaratması cəmiyyətdə panikaya və ciddi iqtisadi itkilərə səbəb ola bilər.

“Erkən xəbərdarlıq sistemlərinə inteqrasiya olunmuş süni intellekt infrastrukturu kiberhücumlara, məlumatların saxtalaşdırılmasına (data poisoning) və sabotaja məruz qala bilər”, - deyə komitə sədri bildirib.

H.Hüseynova əlavə edib ki, Sİ sisteminin yanlış proqnozu nəticəsində yaranan fəsadlara və ya gecikdirilmiş müdaxilələrə görə məsuliyyətin kimin daşıyacağı – proqram təminatçısının, dövlət qurumunun, yoxsa operatorun – hüquqi baxımdan hələ də tam müəyyənləşdirilməyib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti