Xəzərin səviyyəsinin aşağı düşməsi artıq gələcəyə dair proqnoz deyil - Nazir müavini

Yaşıl iqtisadiyyat Materials 8 Sentyabr 2026 09:38 (UTC +04:00)
Xəzərin səviyyəsinin aşağı düşməsi artıq gələcəyə dair proqnoz deyil - Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər dənizinin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq gələcəyə dair proqnoz deyil, hazırda müşahidə olunan reallıqdır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən IV Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Daxili su hövzələrində iqlim dəyişikliklərinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsi” mövzusunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, iqlim dəyişiklikləri dünyanın bir çox bölgələrində su ehtiyatlarına getdikcə daha ciddi təsir göstərir.

“Temperaturun yüksəlməsi, yağıntı rejiminin və çay axınlarının dəyişilməsi, buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə, biomüxtəlifliyə və ekosistemlərə təsir etməklə yanaşı, əhalinin rifahı, ərzaq təhlükəsizliyi və iqtisadi inkişaf üçün də yeni çağırışlar yaradır”, - deyə R.Hacıyev bildirib.

Nazir müavini qeyd edib ki, Xəzərin su səviyyəsinin aşağı düşməsi sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişilməsi, ekosistemlərin və yaşayış areallarının daralması ilə nəticələnir.

O, Xəzər suitisi və nərə balıqları kimi qiymətli növlərin də bu prosesdən risklərlə üzləşdiyini vurğulayıb.

“Bu dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətə ciddi təsirlər göstərə bilir”, - deyə R.Hacıyev söyləyib.

Onun sözlərinə görə, bu vəziyyət gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir.

R.Hacıyev bildirib ki, Xəzərdə baş verən proseslərin səbəbləri və nəticələri milli sərhədlərlə məhdudlaşmır.

“İqlim dəyişiklikləri ilə yanaşı antropogen amillər mövcud riskləri gücləndirir. Buna görə də Xəzərin gələcəyinə dair effektiv yanaşma yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz”, - deyə nazir müavini qeyd edib.

O vurğulayıb ki, Xəzər ortaq su hövzəsidir və onun qorunması, ekoloji dayanıqlığın təmin edilməsi və yaranan çağırışlara uyğunlaşma bütün Xəzəryanı dövlətlərin birgə səylərini tələb edir.

Nazir müavininin sözlərinə görə, elmi tədqiqatların nəticələrinin siyasət və qərarların hazırlanması prosesinə daha səmərəli inteqrasiyası, su səviyyəsində baş verən dəyişikliklərin və mümkün gələcək ssenarilərin daha aydın qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Eyni zamanda müxtəlif su səviyyəsi ssenariləri üzrə praktiki uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi və onların yerli səviyyədə həyata keçirilməsi üçün imkanların genişləndirilməsi vacibdir”, - deyə R.Hacıyev əlavə edib.

O bildirib ki, Xəzərin üzləşdiyi çağırışlarla bağlı əldə olunacaq təcrübə iqlim dəyişmələrinə həssas olan digər daxili su hövzələri üçün də nümunə ola bilər.

R.Hacıyev panel müzakirələrinin daha geniş regional və beynəlxalq əməkdaşlıq üçün faydalı nəticələr ortaya qoyacağına ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti