Bakı. Trend:
Azərbaycanda dəqiq hava proqnozlarının hazırlanması üçün fəaliyyət göstərən meteoroloji stansiyaların sayının 181-ə çatdırılması planlaşdırılır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Süni intellektin çoxsaylı təhlükələrə dair erkən xəbərdarlıq sistemlərinə inteqrasiyasının üstünlükləri və çağırışları" adlı panel sessiyada deyib.
O bildirib ki, hazırda 151 meteoroloji stansiya dəqiq hava proqnozlarının hazırlanması üçün məlumat təmin edir və daha 30 stansiyanın quraşdırılması planlaşdırılır.
"Bu gün 151 iqlim stansiyası dəqiq hava proqnozları üçün məlumat təmin edir. Daha 30 stansiyanın quraşdırılması planlaşdırılır və bununla da şəbəkənin ümumi sayı 181-ə çatdırılacaq. Lakin məlumat yalnız onu fermer üçün xidmətə çevirdiyimiz zaman dəyər qazanır", - deyə İ.Qədimova bildirib.
Nazir müavini qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt proqramı kənd təsərrüfatında bir sıra praktiki istiqamətləri əhatə edir.
"Bu səbəbdən süni intellekt proqramımıza əkinlərin sağlamlığının monitorinqi, xəstəlik və zərərvericilərin risklərinin qiymətləndirilməsi, məhsuldarlığın proqnozlaşdırılması, su tələbatının proqnozlaşdırılması və suvarmanın idarə olunması kimi praktiki tətbiqlər daxildir", - o deyib.
İ.Qədimovanın sözlərinə görə, əkinlərin sağlamlığının monitorinqi üzrə həllər fermerlərə yetişdirdikləri məhsuldan asılı olaraq xəstəlik və zərərverici riskləri kritik həddə çatmazdan əvvəl, 72 saatadək qabaqcadan xəbərdarlıq etməyə imkan verəcək.
"Suvarmanın idarə olunması alətlərimiz isə suya real vaxt rejimində tələbat və suvarma fəaliyyəti ilə bağlı məlumatlardan istifadə etməklə su ehtiyatlarından daha səmərəli istifadəyə dəstək verir", - nazir müavini bildirib.
O vurğulayıb ki, bu yanaşma kənd təsərrüfatında ümumi məlumatlardan hədəfli tövsiyələrə, monitorinqdən proqnozlaşdırmaya, itkilərə reaksiya verməkdən isə onların mümkün qədər qarşısının alınmasına keçidi göstərir.
"Lakin texnologiyanın özü kənd təsərrüfatını iqlim dəyişmələrinə davamlı etməyəcək. Bu da əsas mesajlardan biridir. Azərbaycan bu mesajı COP29-da da gündəmə gətirib. Kənd Təsərrüfatı Nazirliyi tərəfdaşları ilə birlikdə 2024-cü ildə COP29 çərçivəsində təqdim edilən Bakı Harmoniya İqlim Təşəbbüsünün – Fermerlər üçün təşəbbüsün hazırlanmasına töhfə verib", - deyə İ.Qədimova qeyd edib.
Nazir müavini bildirib ki, təşəbbüsün əsas məqsədi kənd təsərrüfatı sahəsində mövcud iqlim təşəbbüslərini əlaqələndirmək, əməkdaşlığı gücləndirmək və iqlim maliyyəsi, bilik, texnologiya və potensialın inkişafı imkanlarını buna ən çox ehtiyacı olan şəxslərə, xüsusilə kiçik fermerlərə, kənd yerlərində yaşayan qadınlara və gənclərə çatdırmaqdır.
"Harmoniya sadə, lakin mühüm ideya ətrafında yaradılıb: dünyaya kənd təsərrüfatı üzrə daha çox parçalanmış iqlim təşəbbüsləri mütləq lazım deyil. Mövcud səyləri əlaqələndirməli, əməkdaşlığı gücləndirməli və iqlim maliyyəsinin, bilik və texnologiyaların, eləcə də potensialın inkişafına yönələn imkanların onlara ən çox ehtiyacı olan şəxslərə çatmasını təmin etməliyik", - o bildirib.
İ.Qədimova vurğulayıb ki, erkən xəbərdarlıq sistemləri ilə bağlı kənd təsərrüfatının əsas çağırışlarından biri bütün fermerlərin bu sistemlərdən yararlanmasını təmin etməkdir.
"Azərbaycanın məqsədi bütün fermerləri, hətta kiçik fermerləri, kənd yerlərində yaşayan qadınları və gənc fermerləri də bu sistemlərlə əhatə etmək, onların bu texnologiyalardan istifadə etmək və faydalanmaq imkanına malik olmasını təmin etməkdir", - deyə nazir müavini qeyd edib.
O əlavə edib ki, süni intellektin imkanları ilə yanaşı, onun məhdudiyyətləri də nəzərə alınmalıdır.
"Süni intellekt insan qərarverməsini gücləndirməli, onu əvəz etməməlidir. Etibarlı erkən xəbərdarlıq sistemi isə keyfiyyətli məlumat tələb edir", - İ.Qədimova bildirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
