Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Orta Dəhlizin gələcək inkişafını təmin etmək məqsədilə əks istiqamətdə yüklərin cəlb edilməsi (backhaul cargo - əsas yük çatdırıldıqdan sonra nəqliyyat vasitəsinin boş qayıtmasının qarşısını almaq üçün əks istiqamətdə daşınan yük) üzərində işləyir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu ADY sədrinin müşaviri Emil Məmmədov Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib.
Onun sözlərinə görə, əks istiqamətdə yüklərin daşınması məsələsi təkcə ADY-ni deyil, Orta Dəhlizin digər iştirakçılarını da maraqlandırır. Çünki bu, dəhlizin uzunmüddətli perspektivdə inkişafını təmin etməyə imkan verir.
“Son bir neçə il ərzində biz əsasən Çin mənşəli və ya Mərkəzi Asiyadan gələn yüklərin cəlb edilməsinə diqqət yetirmişik. Bu yüklərin Orta Dəhlizə yönəldilməsi üzərində işləmişik. Yükdaşımaların inkişafı ilə paralel olaraq Orta Dəhliz boyunca yerləşən liman və dəmir yollarında, o cümlədən Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazilərində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib.
İnfrastruktur layihələri ilə yanaşı, dəhlizin fəaliyyətinin proqnozlaşdırıla bilməsini artırmağa yönəlmiş müxtəlif tədbirlər görülür ki, yük sahibləri daşınma şərtlərini və bu və ya digər yükün təyinat məntəqəsinə çatdırılma müddətini dəqiq bilsinlər”, - deyə ADY sədrinin müşaviri bildirib.
Onun sözlərinə görə, əks istiqamətə yüklərin cəlb edilməsi Orta Dəhlizin inkişafında növbəti mərhələdir.
“Dəhlizin özü xaotik və ya fraqmentar şəkildə inkişaf edə bilməz. Biz onun sistemli şəkildə inkişaf etdirilməsi üzərində işləyirik. Bunun üçün əks istiqamətd yükdaşımaları vacibdir. Bu, Orta Dəhlizlə daşınan yüklərin həcmini artırmağa, eləcə də müəyyən sayda konteynerin mənşə ölkələrinə geri qaytarılması hesabına daşımaların maya dəyərini optimallaşdırmağa imkan verəcək”, - deyə E.Məmmədov vurğulayıb.
E.Məmmədov qeyd edib ki, dəhlizin mövcud proporsional inkişaf modeli ideal deyil, çünki bu model həm də yük ixrac edən və istehlak edən ölkələrin iqtisadi inkişafından asılıdır.
“Hazırda dünya üzrə yük həcminin böyük hissəsini tənzimləyən və təmin edən, öz ərazisindən ixrac həyata keçirən Çinlə işləyirik. Bu tendensiya təkcə bizdə deyil, bütün dünyada müşahidə olunur. Buna görə də yüklər əsasən Şərqdən gəlir”, - deyə o bildirib.
Bundan əlavə, onun sözlərinə görə, ADY yük bazasının qərbdən şərqə doğru cəlb edilməsi istiqamətində də çalışır.
“Paralel olaraq, Avropa qitəsində fəaliyyət bizim üçün xüsusi maraq kəsb edir. Çünki indiyədək Orta Dəhliz əsasən dəhlizin iştirakçıları arasında mövqeləndirilirdi. Tədbirlər ya Çində, Qazaxıstanda, Azərbaycanda, Gürcüstanda, ən yaxşı halda isə Türkiyədə keçirilirdi. Lakin Orta Dəhliz gündəliyi ilə Avropa bazarına az çıxırdıq.
ADY Avropalı tərəfdaşlarla Orta Dəhlizə qərbdən şərqə yük bazasının cəlb edilməsi üzrə sistemli işin qurulması məqsədilə fəal əməkdaşlığa başlayıb. Hesab edirik ki, Avropa qitəsində avropalı tərəfdaşların təşviq etdiyi konsepsiyalar daha çox etimad və proqnozlaşdırıla bilənlik doğuracaq”, - deyə ADY sədrinin müşaviri bildirib.
Onun sözlərinə görə, ADY Orta Dəhlizə yüklərin cəlb edilməsi məqsədilə Avropalı tərəfdaşlarla qarşılıqlı faydalı əsasda əlaqələrin qurulması üzərində işləyir.
E.Məmmədov həmçinin bildirib ki, marşruta hansı kateqoriyadan olan yüklərin cəlb edilə biləcəyi məsələsi ayrıca müzakirə mövzusudur.
