Bakı. Trend:
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində əldə olunacaq nəticələr qardaş Türkiyədə keçiriləcək COP31-in uğuruna töhfə verəcək.
Bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, BCAW 2026 çərçivəsində ümumilikdə 62 tədbir keçiriləcək. Bu tədbirlər üç əsas kateqoriyaya bölünür.
“Bunlardan birincisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Katibliyinin və əvvəlki COP qərarlarının mandatı əsasında təşkil olunan tədbirlərdir. İkinci kateqoriyaya əvvəlki COP qərarlarının praktiki icrası ilə bağlı keçirilən icra yönümlü tədbirlər daxildir. Üçüncü kateqoriya isə son iki il ərzində həyata keçirilən təşəbbüs çərçivəsində təşkil olunan Bakı İqlim Fəaliyyəti Həftəsi tədbirləridir”, - deyə Y.Rəfiyev bildirib.
O qeyd edib ki, 62 tədbirin əsas məqsədi COP31 ərəfəsində cəmiyyətin müxtəlif təbəqələrini və seqmentlərini təmsil edən nümayəndələrin iqlim gündəliyi üzrə müzakirələrə töhfə verməsini təmin etməkdir.
“Azərbaycan bu miqyasda tədbirə ev sahibliyi etməklə artıq böyük nailiyyət əldə edib. BMT-nin İqlim Fəaliyyəti Həftəsinin Şərqi Avropa regionunda yalnız Bakıda keçirilməsi rəqabətli prosesin nəticəsidir. Bu, Azərbaycanın əsasını qoyduğu aktiv iqlim diplomatiyası siyasətinin məntiqi davamıdır”, - deyə nazir müavini vurğulayıb.
Y.Rəfiyev Bakı İqlim Fəaliyyəti Həftəsinin nəticələrinin Türkiyədə keçiriləcək COP31 üçün əhəmiyyətini də qeyd edib.
“Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində əldə olunacaq nəticələr qardaş Türkiyədə keçiriləcək COP31-in uğuruna da töhfə verəcək”, - deyə o bildirib.
Nazir müavini Azərbaycanın COP31-də iştirakına da toxunub. O qeyd edib ki, Azərbaycanın konfransda hansı səviyyədə təmsil olunacağı ilə bağlı hələlik dəqiq təsdiqlənmiş məlumat yoxdur.
“Lakin dəvət ən yüksək səviyyədədir. Azərbaycan nümayəndə heyəti danışıqlarda və tədbirin digər hissələrində fəal iştirak edərək qardaş ölkəyə öz dəstəyini göstərəcək”, - deyə Y.Rəfiyev əlavə edib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.
İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
