Bakı. Trend:
2027-ci ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması yekunlaşmaq üzrədir.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, proqramlar yaxın günlərdə DİM-in saytında yerləşdiriləcək.
M.Abbaszadə qeyd edib ki, 2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur. Proqramların hazırlanması zamanı DİM-də müvafiq fənlər üzrə fəaliyyət göstərən elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb.
Bu prosesdə cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib. 9 və 11-ci sinif şagirdlərinin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb.
Nəticədə proqramların məzmununda ciddi dəyişiklik edilməyib, yalnız redaktə xarakterli düzəlişlər aparılıb.
DİM sədrinin sözlərinə görə, hazırda 11-ci sinifdə təhsil alan şagirdlər yeni dərsliklər üzrə təhsil almadıqları üçün həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib. Müvafiq mövzular üzrə əvvəlki nəşrlərə istinad ediləcək və həmin materiallar DİM-in saytında yerləşdiriləcək.
Proqramlara yalnız tədris prosesində keçilən mövzular daxil edilib, dərsliklərdən kənar mövzular imtahan proqramlarına salınmayıb.
2027-ci ildə 9-cu sinif üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq. 11-ci sinif üzrə buraxılış imtahanında isə yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil üzrə yazı bacarıqlarının yoxlanılması üçün yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik olmayacaq. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq.
DİM-in rəsmi məlumatlarında da Məleykə Abbaszadə qurumun İdarə Heyətinin sədri kimi göstərilir; xarici dil üzrə 2027-ci ildə tətbiq ediləcək yeni model daha əvvəl ictimaiyyətə təqdim olunub.
