Bakı. Trend:
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində 2026/2027-ci tədris ilinə start verilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədris proqramı çərçivəsində uşaqlar üçün Azərbaycan dili, milli rəqs və nağara dərsləri keçirilir:
"Azərbaycan dili məşğələlərində şagirdlərin yaş və bilik səviyyələrinə uyğun olaraq danışıq, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, uşaqlar Azərbaycan ədəbiyyatı, tarixi, milli adət-ənənələri və mədəni dəyərləri ilə yaxından tanış olurlar.
Mədəniyyət Evinin fəaliyyəti tədrislə məhdudlaşmır. İl ərzində milli bayramlar, əlamətdar və tarixi günlərlə əlaqədar müxtəlif mədəni tədbirlər, proqramlar və təqdimatlar keçirilir. Bu təşəbbüslər uşaqların əldə etdikləri bilikləri nümayiş etdirməsinə, milli dəyərləri daha yaxından mənimsəməsinə, həmçinin Berlində yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Burada yaradılan mühit uşaqların ana dilində ünsiyyət qurmasına, həmyaşıdları ilə dostluq əlaqələri yaratmasına və milli kimliklərini daha dərindən dərk etməsinə imkan verir".
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinə 2022-ci ildə fəaliyyətə başladığı gündən dəstək göstərir. “Ana dilimizi sevək, sevdirək” amalı ilə çalışan Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evi yeni tədris ilində də Azərbaycan dilinin, mədəniyyətinin və milli dəyərlərinin xaricdə yaşayan gənc nəslə ötürülməsi istiqamətində layihə və təşəbbüslərini davam etdirəcək.
