Azərbaycanda Orta Dəhlizin inkişafına özəl kapitalın cəlb edilməsi üçün imkanlar mövcuddur

İqtisadiyyat Materials 8 Sentyabr 2026 18:17 (UTC +04:00)
Azərbaycanda Orta Dəhlizin inkişafına özəl kapitalın cəlb edilməsi üçün imkanlar mövcuddur
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda Orta Dəhlizin inkişafına özəl kapitalın cəlb edilməsi üçün imkanlar mövcuddur.

Trend-in müxbiri xəbər verir ki, IFC-nin Cənubi Qafqaz üzrə infrastruktur və enerji sahəsində baş investisiya mütəxəssisi və regional rəhbəri Andriy Maksimoviç Bakıda keçirilən “Black and Caspian Freight Forum 2026: Corridors, Infrastructure, Investments” adlı 5-ci Beynəlxalq Konfrans və Sərgi çərçivəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Orta Dəhlizin əsas qovşaqlarından biridir və özəl sektorun iştirakı imkanları, o cümlədən zəruri tamamlayıcı investisiyaların həyata keçirilməsindən və koordinasiya üzrə atılacaq addımlardan asılıdır:“Düşünürəm ki, bir çox təminedici investisiyaların həyata keçirilməsi, yumşaq koordinasiya baxımından addımların atılması və özəl sektorun riskləri öz üzərinə götürməsi şərtilə iştirak üçün kifayət qədər imkan var. Regionun logistika infrastrukturuna özəl sektor investisiyaları Orta Dəhliz indiki əhəmiyyətini qazanmamışdan əvvəl də həyata keçirilirdi.

Son beş-yeddi ildə biz Orta Dəhliz haqqında danışırıq və açıq-aydındır ki, 2022-ci ildən sonra onun əhəmiyyəti, dinamikası və dəstəyi artıb. Lakin insanlar bundan əvvəl də investisiya qoyur və aktivləri uğurla idarə etməyə davam edirlər”.

Maksimoviç nümunə kimi Gürcüstandakı logistika mərkəzini göstərib və onun sözlərinə görə, həmin mərkəzə investisiyalar 15 ildən çox əvvəl yatırılıb.

O, həmçinin böyük həcmli özəl investisiyaların, xüsusilə Poti limanına yatırımların mövcud olduğunu qeyd edib:

“Bu liman ən iri liman operatorlarından biri olan APM Terminals tərəfindən tamamilə özəl sektor tərəfindən idarə olunur. Bu, həmçinin APM Terminals-ın portfelində tamamilə özəlləşdirilmiş azsaylı limanlardan biridir. Çünki limanların əksəriyyəti, əsasən, konsessiya əsasında özəl sektor tərəfindən idarə olunur”, - deyə Maksimoviç bildirib.

Onun sözlərinə görə, Bakı limanında da özəl terminallar fəaliyyət göstərir, ekspeditorluq və logistika sektoru isə böyük ölçüdə özəl sektorun əlində cəmləşib.

“Bu müəssisələrin dövlət şirkətləri tərəfindən idarə olunmasına çox nadir hallarda rast gəlinir. Bu gün burada bu maraqlı tədbirin təşkilatçıları olan iki böyük şirkətin nümayəndələri, eləcə də Azərbaycanda yük ekspeditorluğu sahəsində fəaliyyət göstərən və öz işlərini uğurla həyata keçirən bir çox digər şirkət çıxış etdilər”, - deyə o qeyd edib.

Maksimoviç vurğulayıb ki, özəl kapitalın cəlb edilməsi üçün hökumətin əlverişli şərait yaratması, həmçinin hansı investisiyaların dövlət sektoru, hansılarının isə özəl sektor tərəfindən həyata keçirilməli olduğunu müəyyənləşdirməsi vacibdir.

“Dövlət sektoru tərəfindən yatırılmalı investisiyalarla özəl sektor tərəfindən qoyula biləcək investisiyalar arasında düzgün balansın tapılması vacibdir”, - deyə o bildirib.

Onun sözlərinə görə, dövlətin özəl sektorun investisiya həyata keçirə biləcəyi sahələrə yatırdığı vəsaitdən lazımi səmərə əldə etməsi üçün belə layihələrin düzgün strukturlaşdırılması da mühüm əhəmiyyət daşıyır.

Maksimoviç belə layihələrin strukturlaşdırılması zamanı risklərin düzgün bölüşdürülməsinin vacibliyini vurğulayıb:

“Risklərin düzgün bölüşdürülməsi vacibdir”.

O, Azərbaycanda dövlət və özəl sektorun əməkdaşlığına nümunə kimi Sumqayıtda duzsuzlaşdırma qurğusunun tikintisi layihəsini göstərib.

“Bu, Azərbaycanda dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilən ilk layihədir. Bir neçə il əvvəl əlverişli şəraitin yaradılmasına və dövlət-özəl tərəfdaşlığı haqqında qanunvericiliyin qəbul edilməsinə, eləcə də bu layihənin dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçirilməsinə görə hökumətə təşəkkürümü bildirmək istərdim”, - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti