Bakı. Trend:
Sentyabrın 5-də ABŞ Açıq Çempionatının 3-cü turunda Anna Kalinskayaya uduzan, WTA dünya sıralamasında 9-cu yerin sahibi Elina Svitolina sosial şəbəkələrində dəhşətli bir xəbər paylaşıb. Ukraynada yaxınlıqda yerləşən istehsalat sexinə endirilən hücum nəticəsində onun padel klubuna ziyan dəyib. Cəmi bir neçə ay əvvəl, mayın 4-də fəaliyyətə başlayan klubun dam örtüyü qismən dağılıb, kortlar isə fotolardan göründüyü kimi, ciddi zədələnib.
“Bu günə qədər hücumlar nəticəsində 776 ukraynalı idmançı və idman rəsmisi həlak olub. Ukrayna ərazisində 942 idman infrastrukturu obyekti zədələnib və ya tamamilə dağıdılıb. Bu gün mənim klubum da onlardan biri oldu”, – deyə o yazıb.
“Ukraynalı idmançıların və gənc nəslimizin digər ölkələrin idmançıları ilə bərabər səviyyədə məşq etmək və beynəlxalq yarışlara hazırlaşmaq imkanı yoxdur”, – deyə Roma turnirinin üçqat qalibi əlavə edib.
O, sözlərini belə yekunlaşdırıb: “Bu mesajla bizə dəstək olan və bizi ruhlandıran beynəlxalq tərəfdaşlarımıza və dostlarımıza müraciət etmək, onlardan dəstək və təcavüzkarın dayandırılmasına kömək edəcək konkret addımlar atmalarını xahiş etmək istəyirəm”.