Bakı. Trend:
Pilotsuz sistemlər və süni intellekt əsasında fəaliyyət göstərən texnika İsraildə yeni qoşun növünün əsasını təşkil edəcək. Bu barədə İsrail ordusunun Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir açıqlama verib.
“Ötən həftə tarixi hadisə baş verdi – mən İsrail Müdafiə Ordusunda yeni qoşun növünün – bu sürətlə inkişaf edən sahəyə cavabdeh olacaq pilotsuz sistemlər və süni intellekt qoşunlarının yaradılmasını yekun olaraq təsdiqlədim. Bu qərar yaxın zamanda həyata keçiriləcək”, – deyə o, hərbi-dəniz zabitləri hazırlığı kurslarının buraxılış mərasimində çıxışı zamanı bildirib. Onun sözlərini ordunun mətbuat xidməti yayıb.
Zamirin sözlərinə görə, yeni qoşun növü dənizdə, quruda və havada istifadə olunan robotlaşdırılmış komplekslərə cavabdeh olacaq.
“Bu, nəsildə bir dəfə baş verən transformasiyadır və İsrail Müdafiə Ordusu bu sahədə qlobal lider olmaq niyyətindədir”, – deyə general qeyd edib.
O əlavə edib ki, yeni qoşun növünün rəsmi təqdimatı bu il dekabrın 4-dən 12-dək qeyd olunacaq Hanuka bayramına qədər baş tutmalıdır.