Bakı.Trend:
Avropanın hüquq-mühafizə orqanları internetdən istifadə edən gənclər arasında yeni növ zorakı ekstremizmin artımını qeydə alıblar.
Bu barədə Associated Press yazır.
Məlumata görə, bu ekstremizmin iştirakçıları müəyyən siyasi və ya dini ideologiyaya sadiq olmaya bilərlər. Onları qəddarlığa maraq, ətrafdakıları şoka salmaq istəyi və internetdə şöhrət qazanmaq arzusu birləşdirir. Təhlükə barədə Avropa İttifaqının terrorizmlə mübarizə üzrə koordinatoru Bartjan Vegter məlumat verib.
Onun sözlərinə görə, söhbət zorakılığın elə zorakılıq naminə törədilməsindən gedir. Gənclər hücumların görüntülərini yayır, cinayətləri müzakirə edir və bir-birlərini real həyatda müəyyən addımlar atmağa təhrik edirlər.
İyun və iyul aylarında Avropanın doqquz ölkəsinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı mütəxəssislər belə icmalardan biri ilə əlaqəli təxminən 4 340 internet ünvanı aşkar ediblər. Bu icmanın vahid rəhbərliyi və ya sərt strukturu yoxdur ki, bu da araşdırmaları xeyli çətinləşdirir.
İştirakçılar sosial şəbəkələr, qapalı çatlar və şifrələnmiş platformalar arasında keçid edirlər. Onlardan bəziləri yeniyetmələri özlərinə və ya ətrafdakılara zərər vurmağa, həmçinin bunun sübutlarını paylaşmağa məcbur etmək üçün şantaj və psixoloji təzyiqdən istifadə edirlər.
Xüsusi narahatlıq doğuran məqam məhkumluğu olmayan və tanınmış radikal qruplarla nəzərəçarpacaq əlaqələri olmayan ehtimal edilən cinayətkarlardır. Onlar hüquq-mühafizə orqanlarının diqqətindən kənarda qalaraq zorakı materiallara baxmaqdan tutmuş hücuma hazırlıq mərhələsinə qədər olan yolu sürətlə keçə bilərlər.
