Bakı. Trend:
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Zərdab–Ağcabədi avtomobil yolunda 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsindən sonra hərəkət iştirakçılarına müraciət edib.
Müraciətdə bildirilib ki, minik avtomobili ilə traktorun toqquşması nəticəsində baş verən qəza yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha göstərir.
BDYPİ kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərə yol hərəkəti qaydalarına ciddi riayət etməyi, texnikanın sazlığını mütəmadi yoxlamağı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə etməyi tövsiyə edib.
Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücülərinə sürəti yol və hərəkət şəraitinə uyğun seçmək, təhlükəsiz ara məsafəsi saxlamaq, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamaq və riskli manevrlərdən çəkinmək çağırışı edilib.
“Bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər”, – müraciətdə vurğulanıb.
BDYPİ bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırıb.
