Bakı. Trend:
Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı son hesabatlar vəziyyətin ciddi narahatlıq doğurduğunu göstərir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, ölkənin sabiq Baş naziri Zlatko Laqumdziya “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində deyib.
O bildirib ki, DİM-lərin icrası üçün müəyyən edilmiş müddətin başa çatmasına beş il qalsa da, məqsədlərin yalnız 15 faizi üzrə irəliləyiş planlaşdırılan tempə uyğundur.
“DİM-lərin yalnız 15 faizi yerinə yetirilmək üçün doğru istiqamətdədir. Daha 15 faiz üzrə geriləmə müşahidə olunur, yəni 2015-ci illə müqayisədə vəziyyət pisləşib. Təxminən üçdə ikisi isə ciddi məhdudiyyətlərlə üzləşir və onların yerinə yetirilməsi mümkün görünmür”, - deyə o bildirib.
Laqumdziyanın sözlərinə görə, müsbət nəticələr əsasən internet, rəqəmsal transformasiya və bərpa olunan enerjiyə keçid sahələrində əldə olunub.
“Ən yaxşı nəticələr rəqəmsallaşma və enerji keçidi ilə bağlıdır. Lakin ən zəif göstəricilər sülh və təhlükəsizlik məsələlərini əhatə edən 16-cı DİM və ərzaqla bağlı 2-ci DİM üzrədir”, - deyə o qeyd edib.
O vurğulayıb ki, ərzaq məsələsində mənfi nəticələr yalnız aclıqla məhdudlaşmır, piylənmə problemi də ciddi çağırış olaraq qalır.
BMT-də daimi nümayəndə qeyd edib ki, DİM-lərə nail olmaq üçün hökumətlərin müəyyən etdiyi məqsədlərlə yanaşı, onların həyata keçirilməsi üçün müvafiq siyasət və mexanizmlər də olmalıdır.
“Əsas problem məqsədlərin özündə deyil, onlara nail olmaq üçün vasitələrdə və həmin vasitələrin həyata keçirilməsindədir”, - deyə o bildirib.
Laqumdziya əlavə edib ki, DİM-lərin icrası üzrə altı əsas transformasiyaya xüsusi diqqət yetirilməlidir. Bunlara təhsil, səhiyyə, enerji, dayanıqlı torpaq və ərzaq sistemləri, dayanıqlı şəhərlər və rəqəmsal transformasiya daxildir.
Onun sözlərinə görə, hökumətlər daha çox texnologiya, rəqəmsallaşma və enerji sahələrinə diqqət yetirirlər. Lakin dayanıqlı ərzaq və torpaq sistemləri, eləcə də şəhərlərin inkişafı istiqamətində nəticələr daha zəifdir.
“Bu sahələrdə əlavə təkan və daha ciddi yanaşma lazımdır. Altı əsas transformasiya uğura aparan əsas yol xəritəsi olaraq qalır. Lakin onların arasında ərzaq və dayanıqlı torpaq məsələlərinə daha çox diqqət yetirməliyik”, - deyə o vurğulayıb.
Laqumdziya rəqəmsal transformasiya və süni intellekt sahəsində imkanların sürətlə genişləndiyini də qeyd edib:
“Rəqəmsal transformasiya istiqamətində hər şey sürətlə inkişaf edir, süni intellekt də bu gün gündəmin əsas mövzularındandır. Texnoloji baxımdan yaxşı vəziyyətdəyik. Lakin bu texnologiyalardan necə istifadə etdiyimiz artıq başqa məsələdir”.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
