Bakı.Trend:
Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Ukraynanın Moldova ilə sərhədində yerləşən “Starokozachye” beynəlxalq avtomobil buraxılış məntəqəsinə endirdiyi zərbə nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Ukrayna KİV-nin məlumatına görə, bu barədə Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
Onun sözlərinə görə, ölən və xəsarət alan şəxslər hücum zamanı buraxılış məntəqəsinin yaxınlığında olublar. Daha 16 nəfər avtobuslarla təhlükəsiz əraziyə təxliyə edilib.
Zərbə nəticəsində buraxılış məntəqəsinin binalarına ziyan dəyib, avtobuslar, yük və minik avtomobilləri məhv olub. Obyektin ərazisində güclü yanğın baş verib.
Ukrayna Dövlət Sərhəd Xidməti bu istiqamətdə insanların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin müvəqqəti dayandırıldığını bildirib. Hadisə barədə Moldova hakimiyyət orqanlarına məlumat verilib.
