Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Xəbər 9 Sentyabr 2026 01:48 (UTC +04:00)
Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkiləri keçiriləcək
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyada tələbə hərəkatının uzun müddətdir tələb etdiyi növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçiriləcək.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlayıb.

Vuçiç milli televiziya kanalı RTS-ə müsahibəsi zamanı bildirib ki, çərşənbə günü parlamentin buraxılması ilə bağlı fərmanı imzalayacaq və dərhal seçkilərin keçirilməsini elan edəcək.

Serbiyada seçkilər oktyabrın 25-də keçiriləcək. İnanıram ki, seçkilərdən sonra bu böhrandan çıxmağı bacaracağıq”, – deyə Serbiya dövlət başçısı bildirib.

Serbiyada 2024-cü ilin noyabrından ölkənin şimalında yerləşən Novi Sad şəhərinin dəmir yolu vağzalında örtüyün uçması nəticəsində baş verən ölümcül hadisədən sonra genişmiqyaslı etiraz hərəkatı davam edir. 16 nəfərin ölümü ilə nəticələnən bu hadisə yüz minlərlə vətəndaşın qəzəbinə səbəb olub. Tələbə hərəkatının rəhbərlik etdiyi etirazçılar bu faciəni, onların fikrincə, Avropa İttifaqına üzvlük danışıqları aparan ölkədə geniş yayılmış korrupsiyanın nəticəsi hesab edirlər.

Əvvəlcə faciə ilə bağlı şəffaf araşdırmanın aparılmasını tələb edən çağırışlar sonradan növbədənkənar seçkilərin keçirilməsi tələbinə çevrilib. Vuçiç mütəmadi olaraq bu seçkilərin keçiriləcəyinə söz verir və təxmini tarixlər açıqlayırdı.

Milliyyətçi siyasətçi olan 56 yaşlı Aleksandar Vuçiç on ildən artıqdır ki, baş nazir və ya prezident vəzifəsində hakimiyyətdədir. 2017-ci ildə prezident seçilən və 2022-ci ildə beş illik müddətə yenidən seçilən Vuçiç bu yaxınlarda bildirib ki, parlament seçkilərinin keçirilməsi barədə qərarı rəsmən verdikdən dərhal sonra istefa verəcək və seçki kampaniyasına qoşulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti