Bakı.Trend:
İqlim sahəsində beynəlxalq əməkdaşlıq üçün şərait 10 il əvvəllə müqayisədə daha mürəkkəb olub.
Trend-in müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində deyib.
Onun sözlərinə görə, son onillikdə dünya pandemiya, münaqişələr, enerji böhranları, inflyasiya və geosiyasi rəqabətin güclənməsi ilə üzləşib:
“Hazırda dünyada hərbi xərclər ildə 3 trilyon dollara yaxınlaşır. Eyni zamanda, iqlim dəyişikliyinin nəticələri daha nəzərəçarpan və daha baha başa gələn olub. Ekstremal istilər şəhərlərimizi ciddi sınaq qarşısında qoyur, quraqlıqlar su təchizatı və ərzaq sistemlərinə təzyiq göstərir, daşqınlar və meşə yanğınları isə uzun illər ərzində əldə olunan inkişaf nəticələrini bir neçə saat və ya gün ərzində məhv edə bilər”.
O qeyd edib ki, iqlimlə bağlı tədbirlər milli prioritetlərlə rəqabət aparmamalı, onların həyata keçirilməsinin bir hissəsinə çevrilməlidir:
“Enerji keçidi həm də enerji təhlükəsizliyini və enerjinin əlçatanlığını gücləndirməlidir. Adaptasiya tədbirləri iqtisadiyyatı, infrastrukturu və icmaları qorumalıdır. İqlim dəyişikliklərinə dayanıqlı kənd təsərrüfatı ərzaq və su təhlükəsizliyinə töhfə verməlidir”.
M.Babayevin sözlərinə görə, ardıcıl keçirilən COP konfransları ərzində məqsədləri, planları, institutları və maliyyə mexanizmlərini əhatə edən geniş qlobal iqlim arxitekturası yaradılıb:
“Lakin razılaşmalarla onların həyata keçirilməsi arasındakı fərq hələ də həddindən artıq böyükdür”.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vurğulayıb ki, COP konfransları istiqaməti müəyyənləşdirə və siyasi təkan yarada bilər, lakin qərarların həyata keçirilməsi milli siyasət, investisiya qərarları, maliyyə institutları və biznes vasitəsilə baş verir.
“Məsələ COP prosesinə ehtiyacımızın olub-olmamasında deyil – bu proses bizə mütləq lazımdır. Məsələ ondan ibarətdir ki, COP prosesi konfransın özündən kənarda daha çox fəaliyyətə necə təkan verə bilər”, - deyə M.Babayev bildirib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
