Bakı. Trend:
ABŞ ordusu İranın Hörmüz boğazında yerləşən Xark adası yaxınlığında İran neft tankerinə raket zərbəsi endirib. Bu barədə çərşənbə axşamı axşam “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Agentliyin məlumatına görə, “İranın kiçik neft tankeri Xark adasından dörd mil (təxminən 6,4 kilometr) məsafədə ABŞ terrorçu ordusunun həyata keçirdiyi raket hücumunun hədəfinə çevrilib”. Bildirilib ki, gəminin heyəti təxliyə olunur.
Yerli KİV-lər həmçinin Hörmüz boğazı yaxınlığında yerləşən Cask liman şəhərində partlayışların baş verdiyini bildiriblər.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi çərşənbə axşamı bildirib ki, İran neft tankerlərinin yenidən hədəfə alınacağı təqdirdə, bölgədəki ABŞ hərbi bazalarına qarşı yeni hücumlar həyata keçiriləcək.
General dövlət televiziyasına açıqlamasında deyib: “ABŞ ordusu (...) İran neft tankerlərini vurmaq məqsədilə onların təxliyə edilməsinə çağırıb. Buna görə bəyan edirəm ki, İran neft tankerlərinə qarşı hər hansı hücum İslam Respublikası İranının Silahlı Qüvvələri tərəfindən bölgədəki ABŞ bazalarına zərbələr endirilməsi ilə nəticələnəcək.”
