Bakı. Trend:
Qlobal miqyasda iqlim fəaliyyətinin maliyyələşdirilməsi üçün kapital çatışmazlığı yoxdur, əsas problem mövcud vəsaitin konkret, hazırlanmış və investisiya üçün cəlbedici layihələrə yönəldilməsidir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində deyib.
Onun sözlərinə görə, son illərdə iqlim fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı əsas müzakirələr inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı göstərməsi üzərində qurulub.
“Biz daim ildə 3 trilyon dollara ehtiyacımız olduğunu deyirik. Lakin əsas məsələ kapital çatışmazlığının olmamasıdır. 2026-cı ildə ilk dəfə olaraq özəl idarəetmədə olan vəsaitlərin həcmi 500 trilyon dolları keçib”, - deyə İ.Serageldin bildirib.
O qeyd edib ki, inkişaf etmiş ölkələrin rəsmi inkişaf yardımı çərçivəsində ayırdığı vəsaitin həcmi təxminən 200 milyard dollardır və bu məbləğin 10 dəfə artırılaraq 2 trilyon dollara çatdırılması real hədəf deyil.
“Lakin desək ki, özəl sektorun idarə etdiyi 480-500 trilyon dollarlıq kapitaldan ildə 3 trilyon dollar cəlb etmək istəyirik, bu, artıq real və mümkün hədəfə çevrilir”, - deyə o vurğulayıb.
İ.Serageldinin sözlərinə görə, əsas çətinlik investisiya qərarlarının qəbul edilməsi üçün hazır layihələrin olmamasıdır.
“İnvestisiya qərarlarının qəbul edilməsi üçün layihənin tam hazır olması lazımdır. Məsələn, Nigerə gedərək iqlim dayanıqlığını artırmaq üçün 1 milyard dollar vəsait ayırsaydım, nə edərdiniz? Layihələr müəyyənləşdirilməyib, hazırlanmayıb və qiymətləndirilməyib”, - deyə o bildirib.
O qeyd edib ki, bu istiqamətdə beynəlxalq maliyyə institutları, çoxtərəfli banklar və BMT-nin müxtəlif qurumları mühüm rol oynaya bilər.
“Beynəlxalq maliyyə institutları və çoxtərəfli banklar, eləcə də BMT agentlikləri, o cümlədən kənd təsərrüfatı sahəsində FAO, səhiyyə sahəsində ÜST və digər qurumlar ölkələrə layihələri hazırlamaqda kömək edə bilər. Daha sonra bu layihələri bir sistemdə birləşdirərək maliyyə çatışmazlığını yeni reallığa çevirə bilərik”, - deyə İ.Serageldin qeyd edib.
Onun sözlərinə görə, bunun üçün yalnız əlavə maliyyə tələb etmək deyil, həm də institusional strukturları dəyişdirmək lazımdır.
İ.Serageldin bildirib ki, ildə 3 trilyon dollar qlobal miqyasda hər il formalaşan ümumi yığımların təxminən onda birinə bərabərdir.
“İldə 3 trilyon dollar qlobal yığımların təxminən onda biridir. Artıq idarəetmədə olan 500 trilyon dollara yaxın vəsaiti nəzərə alsaq, bu, qeyri-mümkün hədəf deyil. Xüsusilə daha yoxsul ölkələrdə dünya iqtisadiyyatını arzuolunan istiqamətdə transformasiya etmək üçün bu vəsaitin investisiyaya yönəldilməsi mümkündür”, - deyə o bildirib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
