İqlim fəaliyyəti yalnız hökumətlərin səyləri ilə irəliləyə bilməz - Kristian Mensah

Cəmiyyət Materials 9 Sentyabr 2026 09:49 (UTC +04:00)
İqlim fəaliyyəti yalnız hökumətlərin səyləri ilə irəliləyə bilməz - Kristian Mensah
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqlim ambisiyalarını iqtisadiyyatın bütün sahələrində konkret fəaliyyətlə əlaqələndirmək, hökumətləri biznes, investorlar, şəhərlər, vətəndaş cəmiyyəti və digər qeyri-dövlət aktorları ilə bir araya gətirmək vacibdir.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Qanadan olan UN-Habitat-ın İdarəetmə Orqanlarının keçmiş katibi və hökumətlərarası əlaqələr üzrə rəhbəri Kristian Mensah “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026)” çərçivəsində deyib.

Onun sözlərinə görə, iqlim üzrə öhdəliklərin qəbul edilməsi kifayət deyil, əsas məsələ həmin öhdəliklərin real fəaliyyətə çevrilməsi üçün lazımi şəraitin yaradılmasıdır.

“Bizim rolumuz iqlim ambisiyalarını iqtisadiyyatın bütün sahələrində fəaliyyətlə əlaqələndirməkdir. Bunun üçün hökumətləri biznes, investorlar, şəhərlər, vətəndaş cəmiyyəti və digər qeyri-dövlət aktorları ilə bir araya gətiririk. UN Climate Champions olaraq biz buradayıq. Bizim məsuliyyətimiz yalnız öhdəlikləri təşviq etmək deyil, həm də bu öhdəliklərin fəaliyyətə çevrilməsi üçün şərait yaratmaqdır”, - deyə o bildirib.

K.Mensah qeyd edib ki, COP29 bu istiqamətdə fərq yarada bilər və Bakı İqlim Fəaliyyəti Həftəsi əldə olunan nəticələrin davamlılığını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

“İcranın təmin edilməsi davamlılıq tələb edir və insanların mərkəzdə dayanması vacibdir. Biz istədiyimiz qədər siyasi bəyanatlar verə bilərik, lakin bunlar insanların həyatına təsir etmirsə, deməli, nəticə əldə olunmayıb”, - deyə K.Mensah vurğulayıb.

O bildirib ki, iqlim fəaliyyəti üçün investisiya ilə yanaşı, tərəfdaşlıq da mühüm şərtdir.

“İnvestisiya yalnız donor və vəsait alan arasında münasibət demək deyil. Maliyyələşmənin yerli imkanlar hesabına təmin edilməsi yollarını da tapmaq lazımdır. Biz həmişə 1,3 trilyon dollarlıq böyük maliyyənin gəlməsini gözləməməliyik”, - deyə o qeyd edib.

K.Mensahın sözlərinə görə, iqlim fəaliyyəti yalnız hökumətlərin səyləri ilə irəliləyə bilməz.

“Hökumətlər əlverişli mühit yaradır və siyasi istiqamət müəyyənləşdirir. Biznes investisiya yatırır, şəhərlər həyata keçirir, maliyyə institutları kapital səfərbər edir, innovatorlar həllər hazırlayır, vətəndaş cəmiyyəti isə fəaliyyətin inklüziv və hesabatlı olmasına kömək edir”, - deyə o bildirib.

O vurğulayıb ki, iqlim liderliyində ayrı-ayrı konfranslara əsaslanan yanaşmadan davamlı dialoq və icraya əsaslanan modelə keçmək lazımdır.

“Sudandakı uşaq bilməlidir ki, biz niyə Antalyaya gedirik. O, qəzetdən sadəcə kostyum geyinmiş insanların Antalyada böyük toplantı keçirdiyini və çimərlikdən zövq aldığını oxumamalıdır. Həmin uşaq bilməlidir ki, orada qəbul edilən qərarlar onun təsərrüfatına, məktəbə getmək imkanına, daşqınların qarşısının alınmasına və ümumilikdə həyatına təsir edir”, - deyə K.Mensah əlavə edib.

O, həmçinin “sıfır tullantı” yanaşmasının iqlim fəaliyyətində əhəmiyyətinə toxunub.

“Sıfır tullantı konsepsiyasının tətbiqi göstərir ki, icra, nəticə etibarilə, sistemlərin dəyişdirilməsi ilə bağlıdır. Tullantı yalnız ekoloji məsələ deyil. Biz buna resurslardan səmərəli istifadə, iqtisadiyyat, biznes və icma məsələsi kimi yanaşırıq”, - deyə K.Mensah bildirib.

Onun sözlərinə görə, dairəvi iqtisadiyyat biznesdən istehsal və istehlaka yanaşmasını yenidən nəzərdən keçirməyi, şəhərlərdən tullantıların idarə olunması sistemlərini təkmilləşdirməyi, investorlardan yeni texnologiyalara və infrastruktura maliyyə yatırmağı, vətəndaşlardan isə davranış dəyişikliklərində iştirak etməyi tələb edir.

K.Mensah Türkiyənin “Sıfır Tullantı” təşəbbüsü çərçivəsində gördüyü işləri də yüksək qiymətləndirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə bu istiqamətdə kifayət qədər uğurlu nəticələr əldə edib. Məhz buna görə sıfır tullantı qlobal iqlim müzakirələrinin mühüm hissəsinə çevrilə bilər”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.

Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti