Xankəndi. Trend:
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimləri Xankəndi şəhərinə səfərləri çərçivəsində Zəfər tağı kompleksini ziyarət ediblər.
Trend-in Qarabağ bürosunun məlumatına görə, qonaqlara Xankəndidə yaradılan Zəfər parkı və Zəfər tağı kompleksi barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Zəfər parkı Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyır. Parkda xalqımızın torpaqlarının ərazi bütövlüyü uğrunda nümayiş etdirdiyi mübarizə əzmi və 44 gün davam edən Vətən müharibəsində qazandığı Qələbə əks olunub.
Qonaqların diqqətinə çatdırılıb ki, parkın inşası zamanı hər bir detal xüsusi işlənib və onların hər biri rəmzi məna daşıyır. Belə ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Pilləkənlərdə 44 gün davam edən müharibənin hər günü, həmin günlərdə azad edilən yaşayış məntəqələrinin adları, həmçinin 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticələri barədə məlumatların əks olunduğu lövhələr yerləşdirilib.
Qonaqlara 10 mərtəbədən ibarət binanın hündürlüyünün 44 metr olduğu da bildirilib. Terrasda yerləşdirilən və 8 rəqəmini simvolizə edən konstruksiyanın da müharibənin rəmzi mənalarını əks etdirdiyi diqqətə çatdırılıb.
Zəfər tağını ziyarət edən qonaqlar kompleksin terrasından Xankəndinin yenilənən mənzərəsini seyr ediblər.
xxx
09:35
Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərinin Xankəndi şəhərinə səfəri başlayıb.
Trend-in
Qarabağ bürosu xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin
Təbliği Fondunun "Zəfərin yolu: Qələbənin izi ilə" layihəsi
çərçivəsində baş tutan səfər zamanı qonaqlar mərkəzi meydanında
şəhərin ümumi mənzərəsini seyr edəcək, burada görülən quruculuq
işləri ilə tanış olacaqlar.
Bildirilib ki, səfərin məqsədi milli-mənəvi dəyərlərin qorunması,
xaricdə yaşayan azərbaycanlıların tarixi Vətənə bağlılığının
möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılmasıdır.
Qonaqlar Xankəndi səfərləri zamanı, səfər planına uyğun olaraq Zəfər parkı, Zəfər meydanı, Xocalı Soyqırımı Memorial kompleksini ziyarət edəcəklər.
Xəbər yenilənəcək
