Britaniya İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindən məhsulların idxalını qadağan edib

Dünya xəbərləri Materials 8 Sentyabr 2026 23:27 (UTC +04:00)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya İordan çayının qərb sahilində yerləşən qanunsuz yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa tətbiq edir.

Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Edvard Milibend Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

“İşğal olunmuş ərazilərdəki qanunsuz yaşayış məntəqələrindən malların idxalına qadağa qoyacağıq. Bunun üçün müvafiq dini istisnaları nəzərdə tutan yeni, hərtərəfli sanksiya rejimi təqdim edəcəyik”, - deyə o bildirib.

“Yeni yaşayış məntəqələrinin tikintisi üçün tikinti, infrastruktur, maliyyə və ya daşınmaz əmlak kimi xidmətlər göstərən konkret şəxslərə qarşı tədbirlər görəcəyik. Qanunsuz yaşayış məntəqələrini maliyyələşdirən və ya onların tikintinə şərait yaradan şəxslər Britaniya sanksiyalarının bütün gücü ilə üzləşə bilərlər”.

Milibend bildirib ki, Böyük Britaniya hökuməti “qanunsuz yaşayış məntəqələrinin reklamını qadağan edəcək”. Xarici işlər naziri vurğulayıb ki, sanksiya tədbirləri 6-9 ay ərzində qüvvəyə minəcək.

“Biz həmçinin daha təcili tədbirlər görəcəyik. Bu gün Fələstin icmalarına qarşı zorakılıq əməllərini dəstəkləyən və ya belə əməllərə təhrik edən daha bir sıra ekstremist məskunlaşanlara qarşı sanksiyalar tətbiq edirik”, - deyə nazir əlavə edib.

O qeyd edib ki, London “yaşayış məntəqələrinin genişləndirilməsinin qarşısını almaq məsələsində daha operativ hərəkət etmək imkanı əldə etmək üçün insan hüquqları sahəsində qlobal sanksiya rejimini genişləndirir”. “Həmçinin işğala maddi töhfə verən silahların və digər məhsulların ixracına dair bütün lisenziya müraciətlərini rədd edəcəyik”, - deyə Milibend vurğulayıb. Bununla yanaşı, o, İsrail mallarına qarşı ümumi boykota qarşı çıxıb və hesab edir ki, belə bir addım Fələstin-İsrail münaqişəsinin iki dövlətin yanaşı mövcudluğu prinsipi əsasında nizamlanması perspektivlərinə mənfi təsir göstərəcək.

Xəbər lenti

Xəbər lenti