Bakı. Trend:
Azərbaycanda həyata keçirilən yaşıl enerji siyasəti yalnız bərpaolunan enerji istehsalının artırılmasına deyil, enerji təhlükəsizliyinin qorunması, elektrik şəbəkələrinin modernləşdirilməsi, yeni texnologiyaların tətbiqi və ölkənin regional yaşıl enerji mərkəzinə çevrilməsi kimi daha geniş strateji hədəflərə əsaslanır.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın COP29-dan sonra da qlobal iqlim gündəliyində fəal mövqeyini davam etdirdiyini göstərir.
“Azərbaycanın yaşıl keçid strategiyasına yalnız günəş və külək elektrik stansiyalarının tikintisi prizmasından yanaşmaq doğru olmazdı. Burada daha geniş enerji transformasiyasından söhbət gedir. Yeni generasiya gücləri yaradılır, elektrik şəbəkəsi gücləndirilir, enerji saxlanc sistemləri tətbiq olunur, enerji sisteminin çevikliyi artırılır və yeni interkonnektorlar üzərində iş aparılır. Bütün bunlar göstərir ki, Azərbaycan yaşıl keçidin ayrı-ayrı elementlərini deyil, bütöv enerji sistemini transformasiya etməyə çalışır”, – deyə politoloq bildirib.
Azər Qarayev qeyd edib ki, energetika naziri Pərviz Şahbazovun Dördüncü İqlim Həftəsində açıqladığı göstəricilər bu transformasiyanın artıq ölkənin enerji balansında konkret nəticələr verməyə başladığını nümayiş etdirir.
“Bu ilin sonuna qədər Azərbaycanda külək enerjisi istehsalının təxminən altı dəfə, günəş enerjisi istehsalının isə 26 faizdən çox artacağının gözlənilməsi kifayət qədər mühüm göstəricidir. Söhbət artıq bərpaolunan enerji ilə bağlı plan və niyyətlərdən deyil, faktiki generasiyanın enerji balansındakı payının sürətlə yüksəlməsindən gedir. Bu dinamika davam etdikcə Azərbaycanın elektrik enerjisi istehsalının strukturu da mərhələli şəkildə dəyişəcək”, – ekspert vurğulayıb.
Politoloqun sözlərinə görə, hazırda ümumi gücü təxminən 8 QVt olan günəş və külək enerjisi layihələrinin icrası Azərbaycanın yaşıl enerji sahəsində uzunmüddətli hədəflərinin miqyasını göstərir.
“Burada xüsusilə diqqət çəkən məqam odur ki, yeni generasiya güclərinin yaradılması şəbəkənin inkişafı ilə paralel aparılır. Çünki minlərlə meqavat günəş və külək gücünün tikilməsi özlüyündə kifayət deyil. Həmin enerjinin şəbəkəyə təhlükəsiz inteqrasiyası, istehsal və istehlak arasındakı balansın qorunması, dəyişkən generasiyanın idarə edilməsi və ehtiyac yarandıqda enerjinin saxlanılması tələb olunur. Azərbaycan enerji keçidinin məhz növbəti, daha mürəkkəb mərhələsinə daxil olur”, – Azər Qarayev deyib.
O bildirib ki, 2027-ci ilin sonuna qədər təxminən 2 QVt günəş və külək enerjisi gücünün elektrik şəbəkəsinə inteqrasiyasının planlaşdırılması həm ekoloji, həm də iqtisadi baxımdan mühüm nəticələr yaradacaq.
“Energetika Nazirliyinin hesablamasına əsasən, bu güclərin inteqrasiyası hər il təxminən 2,4 milyon ton emissiyanın azaldılmasına imkan verəcək. Bu rəqəm yaşıl enerji layihələrinin iqlim siyasətindəki praktiki nəticəsini göstərir. Digər tərəfdən, daxili elektrik istehsalında bərpaolunan mənbələrin payının artması təbii qazdan daha səmərəli istifadə üçün əlavə imkan yaradır. Yəni yaşıl keçid Azərbaycanın həm iqlim öhdəliklərinə, həm enerji təhlükəsizliyinə, həm də iqtisadi maraqlarına xidmət edən prosesə çevrilir”, – politoloq qeyd edib.
Azər Qarayev hesab edir ki, energetika naziri Pərviz Şahbazovun qalıq yanacaqlardan tələsik imtinanın uğurlu enerji keçidi demək olmadığı barədə fikirləri hazırkı qlobal enerji reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır.
“Son illərin enerji böhranları göstərdi ki, yaşıl keçid enerji təhlükəsizliyinin alternativi ola bilməz. Əksinə, bu iki istiqamət bir-birini tamamlamalıdır. Elektrikləşmə, rəqəmsallaşma, süni intellekt və məlumat mərkəzlərinin sürətli inkişafı dünyada elektrik enerjisinə tələbatı artırır. Belə şəraitdə mövcud enerji mənbələrindən plansız şəkildə imtina etmək yeni risklər yarada bilər. Azərbaycanın yanaşması isə keçidin optimal templə, enerji təhlükəsizliyini qorumaqla və paralel şəkildə yeni yaşıl güclər yaratmaqla həyata keçirilməsidir”, – ekspert bildirib.
Onun fikrincə, Prezident İlham Əliyevin müəyyən etdiyi enerji strategiyasının əsas üstünlüklərindən biri də Azərbaycanın ənənəvi enerji potensialı ilə yeni yaşıl enerji imkanlarının qarşı-qarşıya qoyulmamasıdır.
“Azərbaycan uzun illərdir Avropanın və regionun enerji təhlükəsizliyində mühüm rol oynayan neft-qaz ölkəsidir. İndi isə bu mövqeyə yeni komponent – yaşıl enerji əlavə olunur. Məqsəd ənənəvi enerji imkanlarını birdən-birə kənara qoymaq deyil, mövcud potensialdan istifadə etməklə daha dayanıqlı və aşağı karbonlu sistem yaratmaqdır. Eyni zamanda, yeni enerji bağlantıları vasitəsilə Azərbaycan gələcəkdə yalnız neft və qaz deyil, yaşıl elektrik enerjisi ixrac edən regional enerji mərkəzlərindən birinə çevrilməyi hədəfləyir”, – Azər Qarayev vurğulayıb.
Politoloq qeyd edib ki, bərpaolunan enerjinin sürətli inkişafı elektrik şəbəkəsinin modernləşdirilməsini artıq strateji zərurətə çevirir.
“Günəş və külək enerjisinin xüsusiyyəti ondan ibarətdir ki, onların istehsalı dəyişkəndir. Günəşin və küləyin mövcudluğu daim eyni səviyyədə olmur. Sistemdə belə generasiyanın payı artdıqca şəbəkənin çevikliyi, enerji saxlancı və balanslaşdırma imkanları daha böyük əhəmiyyət qazanır. SOCAR Green-in baş direktoru Elmir Musayevin də qeyd etdiyi kimi, 2027-ci ilədək 2 QVt bərpaolunan enerji gücünün sistemə daxil olması şəbəkəyə əlavə yük yaradacaq. Deməli, növbəti mərhələdə əsas məsələlərdən biri təkcə daha çox yaşıl enerji istehsal etmək deyil, həmin enerjini təhlükəsiz və səmərəli şəkildə idarə etmək olacaq”, – o deyib.
Azər Qarayevin sözlərinə görə, məhz buna görə Azərbaycanın COP29 sədrliyi dövründə enerji saxlancı və elektrik şəbəkələrinin qlobal iqlim gündəliyinin əsas mövzularından birinə çevrilməsi təsadüfi deyil.
“Bu günə qədər 74 ölkənin Qlobal Enerji Saxlanması və Şəbəkələr üzrə Öhdəliyə, 70 ölkənin Hidrogen Bəyannaməsinə, 64 ölkənin isə Yaşıl Enerji üzrə Öhdəliyə qoşulması Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslərin beynəlxalq miqyas qazandığını göstərir. Burada mühüm dəyişiklik ondan ibarətdir ki, iqlim siyasəti artıq yalnız emissiyaların azaldılması haqqında müzakirə deyil. Şəbəkə, saxlanc, hidrogen, investisiya və texnologiya məsələləri də iqlim gündəliyinin ayrılmaz hissəsinə çevrilib”, – politoloq bildirib.
Ekspert SOCAR Green-in həyata keçirdiyi layihələrin Azərbaycanın yaşıl keçidinin özəl sektor və sənayenin dekarbonizasiyası istiqamətində də genişləndiyini qeyd edib.
“Cəbrayıldakı Şəfəq Günəş Elektrik Stansiyası bu baxımdan maraqlı modeldir. Layihə yalnız təmiz elektrik enerjisi istehsal etmir, virtual elektrik enerjisi alışı müqaviləsi – VPPA mexanizmi vasitəsilə Səngəçal terminalı kimi neft-qaz infrastrukturunun dekarbonizasiyasına xidmət edir. Bu, çox vacib yanaşmadır. Çünki enerji keçidi yalnız yeni yaşıl stansiyalar tikməkdən ibarət deyil, mövcud sənaye və enerji obyektlərinin karbon intensivliyinin azaldılmasını da nəzərdə tutur”, – Azər Qarayev deyib.
Onun sözlərinə görə, Dövlət Su Ehtiyatları Agentliyinin obyektlərinin dekarbonizasiyası üçün də oxşar VPPA modelinin nəzərdən keçirilməsi bu mexanizmin Azərbaycanda daha geniş B2B enerji həllinə çevrilə biləcəyini göstərir.
“Əgər iri elektrik istehlakçıları bərpaolunan enerji layihələri ilə uzunmüddətli müqavilə mexanizmləri vasitəsilə əlaqələndirilərsə, bu həm yeni investisiyaların maliyyələşdirilməsini asanlaşdıra, həm də müəssisələrin karbon izini azalda bilər. Bu, yaşıl keçidin dövlət layihələrindən iqtisadiyyatın müxtəlif sektorlarına yayılması baxımından əhəmiyyətlidir”, – politoloq bildirib.
Azər Qarayev hesab edir ki, Azərbaycanın enerji transformasiyasının növbəti mərhələsində beynəlxalq maliyyə institutları və xarici texnologiya şirkətləri ilə əməkdaşlığın əhəmiyyəti daha da artacaq.
“EBRD, AIIB və ADB kimi beynəlxalq maliyyə institutlarının ilk layihələrdə iştirakı təkcə maliyyə mənbəyi demək deyil. Bu əməkdaşlıq beynəlxalq standartların, risklərin idarə edilməsi mexanizmlərinin və texniki təcrübənin Azərbaycana gətirilməsinə imkan verir. SOCAR Green-in Amerika, Çin və Yaxın Şərq şirkətləri ilə əməkdaşlığı da göstərir ki, Azərbaycan dünyada sınaqdan keçirilən texnologiyaları və biznes modellərini yerli şəraitə uyğunlaşdırmağa çalışır”, – ekspert qeyd edib.
Politoloqun fikrincə, yaşıl hidrogen və geotermal enerji kimi istiqamətlərin araşdırılması da Azərbaycanın yalnız mövcud texnologiyalarla kifayətlənmədiyini göstərir.
“Yaşıl hidrogen hazırda dünyada böyük potensialla yanaşı, yüksək maya dəyəri, infrastruktur və bazar problemləri ilə üzləşir. Buna görə hər hansı texnologiyanı sadəcə trend olduğu üçün tətbiq etmək deyil, onun Azərbaycan üçün iqtisadi cəhətdən səmərəli modelini tapmaq lazımdır. Yaşıl hidrogenin törəmələri, enerji saxlancı və geotermal enerji kimi alternativlərin araşdırılması gələcək enerji sisteminin şaxələndirilməsi baxımından vacibdir. Burada əsas prinsip texnologiyanın ölkənin konkret ehtiyaclarına uyğunlaşdırılması olmalıdır”, – Azər Qarayev vurğulayıb.
O əlavə edib ki, Bakıda keçirilən İqlim Həftəsinin gündəliyi yaşıl transformasiyanın artıq enerji sektoru ilə məhdudlaşmadığını göstərir.
“Dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları, kənd təsərrüfatı, rəqəmsal infrastruktur və süni intellektin müzakirə olunması iqlim siyasətinin kompleks xarakterini ortaya qoyur. İqlim dəyişmələri yalnız energetika problemi deyil. Onun şəhərlərə, ərzaq təhlükəsizliyinə, su sistemlərinə, nəqliyyata və sosial infrastruktura birbaşa təsirləri var. Buna görə də effektiv iqlim siyasəti bütün bu sahələri vahid dayanıqlılıq strategiyasında birləşdirməlidir”, – politoloq bildirib.
Azər Qarayev Xəzər dənizində baş verən dəyişikliklərin ayrıca diqqət tələb etdiyini vurğulayıb.
“Xəzərin səviyyəsindəki dəyişikliklər yalnız ekoloji məsələ deyil. Bunun sahilyanı şəhərlərə, limanlara, nəqliyyat infrastrukturuna, iqtisadi fəaliyyətə, biomüxtəlifliyə və yerli icmalara təsiri var. Buna görə Xəzərlə bağlı iqlim risklərinin regional əməkdaşlıq çərçivəsində qiymətləndirilməsi və uzunmüddətli uyğunlaşma tədbirlərinin hazırlanması vacibdir. Bakı İqlim Həftəsində bu məsələnin beynəlxalq gündəmə gətirilməsi də əhəmiyyətli mesajdır”, – o deyib.
Ekspert süni intellekt və rəqəmsal texnologiyaların iqlim siyasətində rolunun artmasını da yeni mərhələnin əsas xüsusiyyətlərindən biri hesab edir.
“Bir tərəfdən süni intellekt və məlumat mərkəzləri böyük həcmdə enerji tələb edir, digər tərəfdən isə eyni texnologiyalar hava proqnozlaşdırılması, erkən xəbərdarlıq sistemləri, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və enerji sistemlərinin optimallaşdırılması üçün mühüm imkanlar yaradır. Yəni rəqəmsallaşmanın həm enerji yükünü, həm də iqlim problemlərinin həllində yaratdığı imkanları birlikdə qiymətləndirmək lazımdır”, – Azər Qarayev qeyd edib.
Politoloqun sözlərinə görə, Bakıda müzakirə olunan iqlimədavamlı şəhərlər və yaşıl infrastruktur mövzusu da qarşıdakı illərdə Azərbaycan üçün daha böyük əhəmiyyət daşıyacaq.
“Şəhərlərin iqlim risklərinə hazırlanması artıq yalnız ekoloji məsələ deyil. Güclü yağıntılar, yüksək temperatur, su çatışmazlığı və digər ekstremal hava hadisələri şəhərsalma standartlarının, nəqliyyat sistemlərinin, binaların enerji səmərəliliyinin və kommunal infrastrukturun yenidən nəzərdən keçirilməsini tələb edir. Bu baxımdan Ümumdünya Şəhər Forumunun nəticələrinin COP31 gündəliyi ilə əlaqələndirilməsi iqlim siyasəti ilə şəhərsalma siyasətinin getdikcə daha sıx inteqrasiya olunduğunu göstərir”, – ekspert bildirib.
Azər Qarayev hesab edir ki, Bakıda Dördüncü İqlim Həftəsinin keçirilməsinin siyasi-diplomatik əhəmiyyəti də ayrıca qiymətləndirilməlidir.
“COP29 başa çatdıqdan sonra Azərbaycanın iqlim diplomatiyasındakı rolunun zəifləyəcəyi barədə müəyyən gözləntilər ola bilərdi. Lakin proses bunun əksini göstərir. Bakı qlobal iqlim müzakirələrinin keçirildiyi platformalardan biri kimi mövqeyini qoruyur. COP31 rəhbərliyinin Bakının iqlim diplomatiyasındakı rolunu yüksək qiymətləndirməsi də bunun göstəricisidir. COP29-da formalaşan təşəbbüslərin növbəti COP-lara daşınması Azərbaycanın iqlim gündəliyində institusional iz buraxdığını göstərir”, – politoloq deyib.
Onun sözlərinə görə, “Bakıdan Belemə” yol xəritəsinin illik 1,3 trilyon dollarlıq iqlim maliyyələşdirilməsi hədəfi ilə əlaqələndirilməsi Bakının iqlim diplomatiyasının ən mühüm istiqamətlərindən birini ortaya qoyur.
“İqlim siyasətinin əsas problemlərindən biri qəbul edilən qərarlarla onların maliyyələşdirilməsi arasındakı boşluqdur. Xüsusilə inkişaf etməkdə olan ölkələrin enerji keçidi, uyğunlaşma və dayanıqlı infrastruktur üçün böyük maliyyə resurslarına ehtiyacı var. Buna görə COP31-in öhdəlikləri konkret layihələrə və investisiyalara çevirmək xətti mühüm əhəmiyyət daşıyır. Bakıdan başlayan maliyyə müzakirələrinin Belem və daha sonra COP31 istiqamətində davam etməsi iqlim diplomatiyasında ardıcıllığın formalaşdığını göstərir”, – Azər Qarayev bildirib.
Politoloq qeyd edib ki, COP31-in təmiz enerji, sıfır tullantı, iqlimədavamlı şəhərlər, yaşıl sənaye, ərzaq təhlükəsizliyi, okeanlar və dənizlər, səhiyyə, bioenerji, gənclər və təhsil kimi istiqamətləri əhatə edən fəaliyyət gündəliyi də qlobal iqlim siyasətinin artıq konkret icra mərhələsinə keçməli olduğunu göstərir.
“Qarşıdakı əsas məsələ yeni bəyanatların qəbulundan daha çox mövcud öhdəliklərin real iqtisadi layihələrə çevrilməsidir. Bunun üçün dövlət, özəl sektor, maliyyə institutları, texnologiya şirkətləri və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq tələb olunur. Bakıda keçirilən müzakirələrin də əsas xətti məhz budur: qərardan icraya, öhdəlikdən investisiyaya, strategiyadan konkret layihəyə keçid”, – ekspert vurğulayıb.
Azər Qarayevin fikrincə, bütün bunlar Azərbaycanın yaşıl keçidinin üç əsas istiqamətdə paralel inkişaf etdiyini göstərir: enerji sisteminin transformasiyası, iqtisadiyyatın dekarbonizasiyası və beynəlxalq iqlim diplomatiyasının gücləndirilməsi.
“Bir tərəfdən günəş və külək generasiyası sürətlə artırılır, şəbəkə və enerji saxlancı inkişaf etdirilir. Digər tərəfdən sənaye və iri istehlakçıların dekarbonizasiyası üçün VPPA kimi yeni mexanizmlər tətbiq edilir, yaşıl hidrogen və digər texnologiyalar araşdırılır. Üçüncü istiqamətdə isə Azərbaycan COP29-dan sonra da beynəlxalq iqlim gündəliyində təşəbbüslərini davam etdirir. Bunlar ayrı-ayrı proseslər deyil, eyni strategiyanın elementləridir”, – politoloq deyib.
Azər Qarayev hesab edir ki, Bakı İqlim Həftəsinin əsas mesajı yaşıl keçidin yalnız emissiyaların azaldılması deyil, bütövlükdə iqtisadiyyatın və infrastrukturun gələcək modelinin formalaşdırılması məsələsi olduğunu göstərir.
“Azərbaycan üçün qarşıdakı mərhələnin əsas vəzifəsi bərpaolunan enerji istehsalındakı sürətli artımı güclü elektrik şəbəkəsi, enerji saxlancı, yeni texnologiyalar, maliyyə mexanizmləri və regional enerji bağlantıları ilə tamamlamaqdır. Eyni zamanda, su, kənd təsərrüfatı, şəhərlər, Xəzər dənizi və rəqəmsal infrastruktur kimi sahələr iqlim dəyişmələrinə uyğunlaşdırılmalıdır. Əgər bu istiqamətlər paralel və koordinasiyalı şəkildə inkişaf etdirilərsə, Azərbaycan yalnız öz enerji sistemini transformasiya etməyəcək, həm də regional yaşıl enerji mərkəzi və beynəlxalq iqlim əməkdaşlığının fəal platformalarından biri kimi mövqeyini daha da gücləndirəcək”, – deyə politoloq Azər Qarayev fikrini yekunlaşdırıb.
