Bakı.Trend:
İqlim layihələri investisiya üçün daha cəlbedici olmalı, iqlim öhdəlikləri isə konkret investisiya layihələrinə çevrilməlidir.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində "ExxonMobil" şirkətinin sabiq vitse-prezidenti Cin Badersnayder deyib.
Onun sözlərinə görə, ötən onillik ərzində iqlim siyasəti sahəsində əhəmiyyətli nəticələr əldə olunub:
“Paris Sazişinədək dünya temperaturun 4 dərəcə Selsi artacağı istiqamətində irəliləyirdi. O vaxtdan bəri atılan addımlar emissiyaların artım trayektoriyasını əhəmiyyətli dərəcədə dəyişib. Sonrakı COP konfransları iqlim dəyişikliyi problemini beynəlxalq gündəliyin mərkəzində saxlayıb və ambisiyaların ardıcıl şəkildə artırılması üçün mexanizm yaradıb. Paris Sazişi çərçivəsində razılaşdırılmış hədəflərə nail olmaq getdikcə daha çətinləşir.
İstixana qazlarının qlobal emissiyaları azalmaq əvəzinə artmaqda davam edir, qalan karbon büdcəsi isə narahatedici sürətlə tükənir”, - deyə o bildirib.
Onun sözlərinə görə, COP prosesinin əsas çağırışlarından biri məqsədlərin müəyyənləşdirilməsindən onların praktiki şəkildə həyata keçirilməsinə keçiddir:
“Əsas vəzifə iqlim öhdəliklərinin həyata keçirilməsini daha asan, daha sürətli və investisiya baxımından daha cəlbedici etməkdən ibarətdir”.
O vurğulayıb ki, özəl sektor baxımından əsas məsələ iqlim hədəflərindən konkret layihələr üzrə yekun investisiya qərarlarının qəbul edilməsinə keçiddir:
“İqlim layihələrinin həyata keçirilməsi üçün kapitalın mövcudluğu əsas problem deyil.
Əhəmiyyətli həcmdə əlçatan kapital mövcuddur. Lakin bu kapital yalnız yaşıl enerji və iqlim sahəsindəki layihələr investisiya baxımından cəlbedici olduqda həmin layihələrə yönəldiləcək. Bu isə gəlirlərlə bağlı müəyyənlik, siyasətin sabitliyi, aydın icazə prosedurları, məhsul və ya enerjinin etibarlı alıcısının olması, risklərin düzgün bölüşdürülməsi və hökumətlərin seçilmiş kursa ardıcıl şəkildə sadiq qalacağına inamın təmin edilməsini nəzərdə tutur”.
O, həmçinin dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.
“Milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) yalnız milli ambisiyalar bəyanatı deyil, həm də investisiya baxımından cəlbedici layihələr portfellərinin formalaşdırılması üçün əsas olmalıdır. Hökumətlər, beynəlxalq maliyyə institutları, investorlar, layihə icraçıları və sənaye nümayəndələri layihələrin yekun investisiya qərarının qəbul edilməsi mərhələsinə çatmasına mane olan əngəlləri birgə müəyyən etməli və onların aradan qaldırılması yollarını tapmalıdırlar. Bizə maliyyələşdirmə və icra arxitekturasına əsaslanan praktiki iqlim siyasəti lazımdır. Daha az mücərrəd ambisiya, daha çox icra mexanizmi”, - deyə Badersnayder bildirib.
O, həmçinin COP31 çərçivəsində konkret iqlim layihələri ilə işləmək üçün xüsusi platformanın yaradılmasının planlaşdırıldığını açıqlayıb.
“Ümid edirik ki, COP31 çərçivəsində sövdələşmələrin bağlanması üçün platforma yaradacaq, bir neçə NDC və həmin töhfələr çərçivəsində bir neçə layihə seçəcək, zəruri iştirakçıları bir araya gətirəcək və üç-beş layihəni yekun investisiya qərarlarının qəbul edilməsi mərhələsinə çatdıracağıq”, - deyə o əlavə edib.
