Bakı. Trend:
Azərbaycan iqlim liderliyinin qlobal səviyyədə necə dinamika yarada biləcəyini göstərib.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitri Şlapaçenko “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi" (BCAW 2026) çərçivəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəni qlobal iqlim diplomatiyasının mərkəzinə çıxarıb və bu dinamika Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində davam etdirilir.
“Azərbaycanda iqlim liderliyinin necə dinamika yarada biləcəyinin şahidi olmuşuq. COP29 ölkəni qlobal iqlim diplomatiyasının mərkəzinə çıxardı və bu dinamika Bakı İqlim Fəaliyyəti Həftəsi, eləcə də davamlı inkişaf və iqlim fəaliyyətinin təşviqinə yönəlmiş daha geniş səylər vasitəsilə davam edir”, - deyə D.Şlapaçenko bildirib.
BMT rəsmisi qeyd edib ki, hazırda əsas məsələ əldə edilmiş dinamikanı konkret və ölçülə bilən nəticələrə çevirməkdir.
“Qlobal miqyasda qarşımızda duran əsas çağırış hamımızın yaratdığı dinamikanı ölçülə bilən nəticələrə çevirməkdir”, - deyə o vurğulayıb.
D.Şlapaçenko bildirib ki, Paris Sazişinin ikinci onilliyində əsas məsələ yalnız yeni iqlim öhdəliklərinin qəbul edilməsi deyil, onların icrasının sürətləndirilməsidir.
“Son onillik ərzində dünya mühüm irəliləyiş əldə edib. İqlim fəaliyyəti qlobal siyasət müzakirələrinin kənarından mərkəzinə keçib. Bərpa olunan enerji görünməmiş sürətlə genişlənir, məlumatlılıq artır və ölkələr Paris Sazişinin məqsədlərinə sadiqliklərini nümayiş etdirməyə davam edirlər. Lakin elm göstərir ki, kifayət qədər sürətlə irəliləmirik”, - deyə o bildirib.
Onun sözlərinə görə, 1,5°C həddinin aşılması ehtimalının artması iqlim fəaliyyətinin təxirə salınmasına səbəb olmamalıdır.
“Əksinə, bu, qətiyyətimizi gücləndirməlidir. Kollektiv məsuliyyətimiz temperatur artımının 1,5°C həddini aşmasının miqyasını və müddətini məhdudlaşdırmaq, qlobal temperaturu mümkün qədər tez bu həddən aşağı səviyyəyə qaytarmaq və geri dönməz dönüş nöqtələrindən qaçmaqdır”, - deyə D.Şlapaçenko vurğulayıb.
BMT rəsmisi iqlim fəaliyyətinin əsas istiqamətləri kimi emissiyaların azaldılmasını, iqlim dəyişmələrinə uyğunlaşma və dayanıqlılığın gücləndirilməsini, eləcə də inkişaf etməkdə olan ölkələrin münasib maliyyəyə çıxışının təmin edilməsini qeyd edib.
O bildirib ki, inkişaf etməkdə olan ölkələrin ambisiyalı iqlim hədəflərinə nail olması üçün kapitalın dəyərinin azaldılması, özəl investisiyaların səfərbər edilməsi və çoxtərəfli inkişaf banklarının gücləndirilməsi vacibdir.
“COP31-dən sonra iqlim liderliyi verdiyimiz vədlərlə ölçülməyəcək. O, azaltdığımız emissiyalar, yaratdığımız dayanıqlılıq, səfərbər etdiyimiz maliyyə və qoruduğumuz insanlar və onların yaşayış vasitələri ilə ölçüləcək”, - deyə D.Şlapaçenko əlavə edib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
