Bakı. Trend:
Qlobal enerji tələbatının artdığı bir şəraitdə iqlim liderliyinin əsas vəzifəsi enerji təhlükəsizliyi, əlçatanlıq, sənayenin rəqabət qabiliyyəti və emissiyaların azaldılmasını bir araya gətirməkdir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “Baker Hughes” şirkətinin Avropa və MDB üzrə vitse-prezidenti Yelena Akoltseva “2026 Bakı İqlim Fəaliyyəti Həftəsi" (BCAW 2026) çərçivəsində deyib.
O bildirib ki, rəqəmsal infrastrukturun, süni intellektin və məlumat mərkəzlərinin inkişafı, əhalinin artması və texnologiyanın sürətli tərəqqisi enerji tələbatını əvvəlki proqnozlardan daha sürətlə artırır.
“İqlim liderliyi ilə bağlı müzakirəyə başlayarkən ilk növbədə artan enerji tələbatının yüksək etibarlılıq, əlçatanlıq və daha aşağı emissiyalarla necə təmin ediləcəyi məsələsinə diqqət yetirməliyik”, - deyə Akoltseva bildirib.
Onun sözlərinə görə, dünyada dayanıqlı iqtisadiyyatların, inkişaf etmiş icmaların və ərzaq təminatının yaradılması sənayedən daha çox imkan tələb edir.
“Bu, bu gün bir çoxunuzun qeyd etdiyi icra məsələsidir. Məhz buna görə sənaye innovativ texnoloji həllər, genişmiqyaslı proseslər və davamlı təkmilləşdirmələrlə cavab verməlidir”, - deyə o vurğulayıb.
Akoltseva qeyd edib ki, enerji tələbatının ödənilməsində həm ənənəvi, həm də yeni enerji mənbələrindən istifadə olunacaq.
“Təbii qaz uzun illər ərzində miqyaslana bilən və çevik enerji istehsalının əsas mənbələrindən biri olaraq qalacaq. Lakin biz onun mümkün qədər səmərəli istifadəsini təmin etməliyik”, - deyə vitse-prezident bildirib.
O əlavə edib ki, yüksək enerji tələbatı fonunda neftə olan tələbat da qalmaqda davam edəcək.
“Bizim məsuliyyətimiz bu enerji mənbələrinin mümkün qədər səmərəli və aşağı karbon emissiyası ilə əldə olunmasını təmin etməkdir. İqlim liderliyi ilə bağlı əsas məsələ enerji dəyər zənciri boyunca emissiyaların necə azaldılacağına diqqət yetirməkdir”, - deyə Akoltseva qeyd edib.
Onun sözlərinə görə, COP31 ərəfəsində diqqət yalnız yeni hədəflərin müəyyənləşdirilməsinə deyil, emissiyaların azaldılmasının geniş miqyasda həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasına yönəlməlidir.
“Prioritet emissiyaların azaldılmasının geniş miqyasda tətbiqinə imkan verən şəraitin yaradılması olmalıdır. Bunun üçün investisiyalar, texnologiyaların tətbiqi, müasir infrastruktur, etibarlı məlumatlar və aşağı karbonlu nəticələri təşviq edən siyasət lazımdır”, - deyə o bildirib.
Akoltseva vurğulayıb ki, iqlim sahəsində irəliləyiş iqtisadi artımla dekarbonizasiya arasında seçim etməkdən deyil, bu istiqamətlərin uzlaşdırılmasından asılıdır.
“İqlim sahəsində irəliləyiş artım və dekarbonizasiya arasında seçim etməklə əldə olunmayacaq. Bu, enerji təhlükəsizliyini, əlçatanlığı, sənayenin rəqabət qabiliyyətini və emissiyaların azaldılmasını bir araya gətirməklə mümkün olacaq. Davamlı irəliləyiş məhz burada təmin olunur və iqlim liderliyinin növbəti mərhələsi də buna diqqət yetirməlidir”, - deyə o əlavə edib.
Baker Hughes rəsmisi Azərbaycanın da bu istiqamətdə mühüm nümunə olduğunu qeyd edib.
“COP29 çərçivəsində, Azərbaycanda biz SOCAR ilə emissiyaların azaldılması və geotermal enerjinin inkişafı üzrə bir neçə saziş imzaladıq. Bu, bu gün qeyd etdiyim icra məsələsinin əsas elementlərindən biridir”, - deyə Akoltseva bildirib.
Qeyd edək ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.
Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.
