Bakı. Trend:
Asiyanın qlobal iqtisadi və texnoloji inkişafdakı rolu getdikcə artır, regionun gücü onun müxtəlifliyində, bazarlarında və əlaqələndirmə qabiliyyətindədir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, limanlarımız arasında əməkdaşlığı möhkəmləndirməklə, regional əlaqələndirməni hamı üçün daha təhlükəsiz, davamlı və faydalı edə bilərik: "Bu konfrans Asiyanın hər yerindən liman qurumlarını, nəqliyyat təşkilatlarını, özəl sektoru və beynəlxalq tərəfdaşları bir araya gətirir. Konfrans regional ticarət və iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün həyati əhəmiyyət kəsb edən limanların inkişafı, dəniz nəqliyyatı və multimodal əlaqələndirmə ilə bağlı praktiki məsələləri müzakirə etmək üçün yaxşı imkan yaradır".
K.Sarıbay əlavə edib ki, limanların səmərəliliyi, təhlükəsizliyi və davamlılığı ticarət xərclərinə, bazarlara çıxış imkanlarına və iqtisadiyyatlarımızın rəqabət qabiliyyətinə birbaşa təsir göstərir: “Dənizə çıxışı olmayan üzv dövlətlər üçün dəniz infrastrukturu ilə etibarlı əlaqələrin olması regional və qlobal ticarətdə tamhüquqlu iştirak baxımından əvəzolunmazdır. Azərbaycanın sədrliyi dövründə əlaqələndirmə məsələsinə xüsusi və davamlı diqqət yetirilib. Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizləri sistemlərinin inkişafı üzrə prioritet sahədə etimadquruculuğu tədbirlərinin koordinatoru kimi Azərbaycan AQEM üzvü olan dövlətlər arasında praktiki əməkdaşlığı təşviq etmək üçün nəzərdə tutulmuş bir sıra konfranslar, ekspert müzakirələri və digər tədbirlərin təşəbbüskarı olub və onları dəstəkləyib”.
